DÜNYA
QIRĞIZISTANDA DÖVLƏT DİLİ QIRĞIZ DİLİDİR, RUS DİLİ İSƏ ONA BƏRABƏR TUTULUR
Qırğızıstan prezidenti Əskər Akayev “Dövlət dili haqqında” qanun və “Qırğızıstan Respublikasının dövlət və rəsmi dillərinin işlədilməsi üçün zəruri şəraitin yaradılması üzrə əlavə tədbirlər haqqında” fərman imzalamışdır. Sənədlərin imzalanması mərasimində çıxış edən prezident qeyd etmişdir ki, “Dövlət dili haqqında” qanun həyatın bütün sahələrində qırğız dilinin inkişafına böyük təsir göstərəcəkdir. Biz qırğızların 70 faizinin danışdığı ana dilimizi unutmamalıyıq. Qırğız dili Qırğızıstan dövlətçiliyinin simvoludur. Dövlət başçısı bildirmişdir ki, yeni qanun rus dilindən istifadəni məhdudlaşdırmır. Əksinə, bu sənəddə hər iki dildən istifadənin zəruriliyi xüsusi qeyd olunur. “Qırğızıstan bizim ümumi evimizdir” milli ideyasının həyata keçirilməsində başlıca rolu rus dili oynayır. Əskər Akayev qeyd etmişdir ki, yeni qanun vətəndaşların dövlət və ya rəsmi dili bilmədiyinə görə sıxışdırılmasının əleyhinədir, lakin eyni zamanda, hər iki dili müdafiə edir.
Beləliklə, Qırğızıstanda qırğız dili dövlət, rus dili isə rəsmi dil statusu alır.