MƏDƏNİYYƏT
QIRĞIZISTAN TELEVİZİYASINDA AZƏRBAYCAN DİLİNDƏ VERİLİŞ
Qırğızıstanın dövlət televiziyası ilə Azərbaycan dilində “Birlik” proqramı efirə verilmişdir. Ayda bir dəfə hazırlanacaq proqramın müəllifi Bişkekdə yaşayan soydaşımız Rövşən Bərxudarov, aparıcılar Eldar Babanlı və Ayzadə İşimbayeva, rejissoru Tamara Çinaliyevadır.
Proqram Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin himayəsi ilə hazırlanır. Onun birinci nömrəsində Mərkəzin rəhbərləri xeyir-dualarını vermiş, ölkədə yaşayan soydaşlarımız haqqında söhbət açılmışdır.
Mərkəzin sədrinin müavini Rəfael Quliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir:
- Proqramda Qırğızıstanda yaşayan azərbaycanlıların həyatından, Azərbaycan diasporunun tanınmış üzvlərindən söhbət açılacaq, vaxtilə buraya sürgün edilmiş soydaşlarımız, onların taleyi ilə bağlı videomateriallar göstəriləcəkdir. Azərbaycan-Qırğızıstan dostluğu, xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti haqqında məlumat veriləcəkdir. Verilişlərdə Azərbaycan mətbəxi, xalqımızın adət-ənənələri də geniş təbliğ ediləcəkdir.