QMİ sədri Türkiyə Cəfəri icmasının liderini erməni vandalizmi barədə məlumatlandırıb
AzerTAg.az

Bakı, 27 mart, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cəfəri icmasının lideri Səlahəddin Özgündüz və icmanın digər nümayəndələri ilə iftar süfrəsində görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Türkiyə Cəfəri icmasının Azərbaycana qardaş münasibət bəslədiyini vurğulayan QMİ sədri icmanın, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı verdiyi mənəvi dəstək haqqında məlumatlı olduğunu deyərək, buna görə qarşı tərəfə öz minnətdarlığını ifadə edib.
S.Özgündüz Azərbaycan və bütün Qafqaz müsəlmanlarının lideri şeyxülislam həzrətləri ilə görüşdən şərəf duyduğunu bildirib.
Şeyxülislam A.Paşazadə Türkiyə Cəfəri icmasının həyat və fəaliyyəti ilə maraqlanıb, işğaldan azad olunmuş Qarabağ ərazisindəki mədəni-tarixi irsimizə erməni vandalizminin vurduğu zərər haqqında danışıb, eləcə də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra burada aparılan yenidənqurma və bərpa, xüsusilə də minalardan təmizləmə işlərinin gedişi barədə söz açıb.
QMİ sədri Laçın yolu ilə bağlı həqiqətləri də icmanın rəhbərinin diqqətinə çatdırıb.
Tərəflər gələcək əməkdaşlıq perspektivlərini, o cümlədən Cəfəri icmasının nümayəndə heyətinin yaxın zamanda Azərbaycana səfərini müzakirə ediblər.
Xəbərin mətnində orfoqrafik səhv var