QMİ sədri Vatikanda keçirilən beynəlxalq tədbirə qatılıb
AzerTAg.az
Bakı, 8 fevral, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın dəstəyi, İtaliyanın Vatikandakı səfirliyi və “Telefono Azzurro” uşaq qaynar xəttinin birgə təşkilatçılığı ilə keçirilən rəqəmsal dünyada uşaq və yeniyetmələrin qorunması probleminə həsr olunmuş “Təhlükəsiz İnternet Günü” görüşündə virtual formatda iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bir sıra Avropa ölkələrindən ictimai, siyasi və dini xadimlərin qatıldığı tədbirdə QMİ sədri Allahşükür Paşazadə də çıxış edib. O, gənc nəslin internetin təhlükələrindən qorunması probleminin fövqəladə mühüm və aktual olduğuna toxunub. Qeyd edib ki, son illərdə mövzuya həsr olunmuş tədbirlərin bir çoxunun mütəmadi olaraq Vatikanda keçirilməsi nümunəvi ənənəyə çevrilib. QMİ sədri təəssüflə vurğulayıb ki, internet üzərindən edilən təsirlər nəticəsində uşaq və yeniyetmələrin törətdikləri çoxsaylı zorakılıq, başqasını və ya özünü şikəst etmə, qətl və intihar halları baş verir, internetdə cinsi istismar təhlükəsi isə xüsusi narahatlığa səbəb olur. Cinayətkar şəbəkələr nəzarətsiz qalan uşaq və yeniyetmələrlə asanlıqla əlaqə qura bilir, onları yoldan çıxararaq müxtəlif cinayətlərə sövq edir.
Allahşükür Paşazadə diqqətə çatdırıb ki, gələcəyimizin təminatı üçün belə hallara qarşı zaman itirmədən tədbirlər alınması zəruridir. O, qlobal internet məkanını gənc nəsil üçün təhlükəsiz təlim-tədris, ünsiyyət və özünü ifadə etmə məkanına çevirmək üçün hökumətləri, ictimai xadimləri, təhsil və dini təşkilatları sıx, məqsədyönlü əməkdaşlığa dəvət edib.
Şeyxülislam A.Paşazadənin çıxışı maraqla qarşılanıb. Eyni zamanda, tədbirdə Azərbaycan Respublikasının Vatikandakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov da iştirak edib.


Xəbərin mətnində orfoqrafik səhv var