SİYASƏT


QOY, DOSTLUĞUMUZUN PARKLARI GÜL-ÇİÇƏYƏ BÜRÜNSÜN!

Bakının Qaradağ rayonu ilə Kiyev vilayətinin İrpen şəhərinin qardaşlaşması haqqında protokolun gerçəkləşdirilməsi ilə əlaqədar Kiyev vilayət icra hakimiyyətinin iclas salonunda Ukrayna və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirilmişdir.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mətbuat konfransında Azərbaycanın bu ölkədəki səfiri Tələt Əliyev, Kiyev vilayət icra hakimiyyəti başçısının birinci müavini İqor Şovkun, İrpenin meri Vladimir Skarjinski və Ukrayna Dövlət Vergi xidməti Akademiyasının rektoru Pyotr Melnik iştirak edirdilər.

Azərbaycan diplomatı çıxışında demişdir ki, Prezident Heydər Əliyevin iyunun 27-də Bakıda Kiyev vilayətinin rəsmi nümayəndə heyətini qəbul etməsi regional səviyyədə ikitərəfli münasibətlərin inkişafına çox böyük təkan vermişdir. Yaxın vaxtlarda “İrpenmaş”ın bazasında Bakının Qaradağ rayonunda kənd təsərrüfatı texnikası buraxacaq müştərək müəssisə yaratmaq planlaşdırılır. Bakıda istehsal sexi, xidmət mərkəzi və ehtiyat hissələr mağazası açılacaqdır. Bu, Azərbaycan fermerlərinin keyfiyyətli və ucuz Ukrayna texnikasına tələbatını qismən ödəməyə, irpenmaşçılara isə yeni iş yerləri yaratmağa imkan verəcək və istehsalı genişləndirməyə kömək edəcəkdir. Yaxın gələcəkdə Bakıda, İrpendə və Kiyevdə “Azərbaycan-Ukrayna” adlı ticarət evləri açılacaqdır ki, bu da biznes layihələrini həyata keçirməyə və ikitərəfli ticarət-iqtisadi münasibətləri genişləndirməyə imkan yaradacaqdır.

Diplomat onu da bildirmişdir ki, səfirlik İrpendə Azərbaycan xalqının ləyaqətli övladı, dünya şöhrətli alim, akademik Zərifə Əliyevanın adını daşıyan parkı irpenlilərin və bu kurort şəhərinin qonaqlarının sevimli istirahət guşəsinə çevirmək üçün abadlıq işlərinə sponsorların yardımı hesabına 170 min dollar vəsait qoymağı nəzərdə tutur.

İ.Şovkun Bakı, onun qonaqpərvər sakinləri, Prezident Heydər Əliyev ilə unudulmaz görüşü haqqında təəssüratını bölüşmüş və ölkəmizlə sıx tərəfdaşlıq əlaqələri yaradılması işində vilayət rəhbərliyinin planlarından danışmışdır.

V.Skarjinski isə demişdir ki, Bakıda olduqları hər yerdə onları səmimiyyətlə və mehribanlıqla qarşılayırdılar. Azərbaycan xalqı onu başa düşənlərin hamısına yaxşılıq arzulayır.

Görkəmli Ukrayna şairi və dramaturqu Lesya Ukrainkanın şərəfinə park salınması işində qaradağlıların nümayiş etdirdikləri yüksək sürət xüsusi vurğulanmışdır.

P.Melnik ölkəmizin vergi orqanları üçün yüksək ixtisaslı kadrlar hazırlanması işində Azərbaycan tərəfi ilə əməkdaşlıq planlarından danışmışdır.

Daha sonra jurnalistlərin suallarına cavab verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.