ELM VƏ TƏHSİL


QRAF PYOTR ŞEREMETYEV BSU-NUN QONAĞI OLMUŞDUR

Oktyabrın 14-də ölkəmizdə səfərdə olan qədim Şeremetyevlər nəslinin nümayəndəsi, Rus Soydaşlar Beynəlxalq Şurasının idarə heyətinin sədri qraf Pyotr Şeremetyev Bakı Slavyan Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşmüşdür.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, BSU-nun “Moskva” auditoriyasında keçirilən görüşdə rektor, professor Kamal Abdullayev bu təhsil ocağının tarixi, keçdiyi inkişaf yolu, ildən-ilə genişlənən beynəlxalq əlaqələri, o cümlədən Rusiya və Fransanın elm və tədris müəssisələri ilə işgüzar münasibətləri barədə qonağa ətraflı məlumat vermişdir.

Bakı Slavyan Universiteti kimi qabaqcıl ali təhsil ocağında keçirilən bu səmimi görüşdən məmnun qaldığını dilə gətirən qraf Şeremetyev, mədəniyyətlərarası ünsiyyətin təşəkkül tapmasında BSU-da görülən faydalı işlərin əhəmiyyətini vurğulamışdır. Qraf qeyd etmişdir ki, müsəlman aləmi onun iç dünyasına çox yaxındır. Çünki qrafın özü Mərakeşdə doğulmuş və Fransaya köçməzdən qabaq bir müddət orada yaşamışdır.

Azərbaycana səfərinin məqsədindən danışan Pyotr Şeremetyev demişdir ki, idarə heyətinin üzvü olduğu “Yüzilliyin mesenatı” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordenini Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim etmək üçün ölkəmizə gəlmişdir. Bu münasibətlə oktyabrın 13-də Heydər Əliyev Fondunda keçirilən mərasimin onun qəlbində uzun illər xoş xatirə tək yaşayacağını bildirən qraf Şeremetyev, əgər məqbul sayılarsa, BSU-da silsilə mühazirələr oxumağa hazır olduğunu diqqətə çatdırmışdır. Bu təklif universitetin rəhbərliyi tərəfindən razılıqla qarşılanmışdır.

Sonra professor K.Abdullayev P.Şeremetyevə Bakı Slavyan Universitetinin xatirə hədiyyələrini təqdim etmişdir.

Görüşdə Milli Məclisin deputatı, Azərbaycanın rus icmasının sədri M. Zabelin, Moskva şəhər hökumətinin məsul nümayəndəsi Y.Kaplun və başqaları iştirak edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.