SİYASƏT
QUBADLININ İŞĞALINDAN 17 İL KEÇİR
Bakı, 31 avqust (AZƏRTAC). 17 il əvvəl Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Qubadlı rayonunu işğal etmişdir. Otuz mindən artıq əhali öz yurd-yuvasından didərgin düşmüş, rayon mərkəzi və 94 kənd qarət edilmiş, yandırılmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə rayon ictimaiyyətinin nümayəndələri işğalın ildönümü günü – avqustun 31-də Sumqayıtın Şəhidlər xiyabanına gələrək Əbədi məşəlin önünə əklil qoymuş, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş mərd oğulların məzarları üstünə güllər düzmüşlər. Bu xiyabanda 33 qubadlılı şəhid də uyuyur. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
...Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, “dənizdən-dənizə böyük Ermənistan” yaradılması barədə daşnak ideoloqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi idi. Tarixən həm çar Rusiyasının, həm də sovet rejiminin çökməsi zamanı Dağlıq Qarabağ məsələsi dəfələrlə qaldırılmış, Azərbaycan torpaqlarına, o cümlədən Qubadlıya erməni işğalçıları hücum etmiş, kəndlər yandırılmış, talan edilmiş, dinc əhaliyə divan tutulmuşdur.
Qubadlı, əslində, erməni təcavüzü ilə Qarabağ münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. Sərhədlərin dəqiqləşdirilməsi adı ilə tarixən qubadlılıların dədə-baba torpaqları olan Vəli düzü, Güllü zəmi kimi gözəl təbiətli yerləri Ermənistana vermək cəhdi əslində münaqişənin örtülü olsa da, bünövrəsini qoymuşdu.
1988-ci il fevral ayının 6-da Xankəndidə ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiya edilməsinə başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Sisyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılılar qəbul etdilər.
Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlləri törədirdilər. Onlar Dağlıq Qarabağa Qubadlı ərazisindən keçid yaratmaq, dəhliz açmaq, buradan separatçılara silah-sursat daşımaq niyyətini həyata keçirmək istəyirdilər. 1989-cu ilin sentyabr ayında sovet qoşunlarının zirehli texnikalarının müşayiəti ilə Gorus istiqamətində Yazı düzü yolu ilə 150-160 avtomobildən ibarət maşın karvanının Qubadlı ərazisinə yaxınlaşdığı xəbər verildi. Bir saat ərzində əhali ayağa qalxdı. Bütün yollar bağlandı. Əliyalın camaat maşın karvanının yolunu elə sərhəddəcə kəsdi. Avtomobil karvanı Xankəndi şəhərinə buraxılmadı. Təəssüf ki, geri qaytarılan avtomobil karvanı bir həftə Gorusun Xinzərək kəndində qaldıqdan sonra Laçın-Şuşa yolu ilə Xankəndinə yol tapa bildi və karvanı müşayiət edən zirehli texnika Laçın şəhərində faciələr törətdi.
Qubadlı Ermənistanla 120 km məsafədə həmsərhəddir. Bilavasitə Ermənistanla sərhəddə yerləşən Əliquluuşağı, Məlikməhəmmədli, Seytas, Eyvazlı, Qədili, Dovudlu, Novlu, Yuxarı Cibikli, Əyin, Çardaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli kəndlərinə təcavüz edilir, kəndlər atəşə tutulurdu.
1989-cu ilin axırlarında rayonda vəziyyət son dərəcə ağırlaşdı. Düşmənin hücumlarının, təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edir, düşmən hücumlarının qarşısını mərdliklə alırdılar. 1993-cü ilin yayında Əliquluuşağı kəndi istiqamətində bir gündə 3 düşmən vertolyotunun vurulması və sonradan onlardan birinin qənimət kimi Müdafiə Nazirliyinə verilməsi buna sübutdur. Lakin qüvvələr qeyri-bərabər idi. Təcavüzkar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, bizdə adi ov tüfəngləri belə çatmırdı. Rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhali silaha sarsılsa da, qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla almaq mümkün deyildi...
1993-cü il avqustun sonlarında Qubadlı artıq ermənilərin əhatəsində idi. Cəbrayılın axırıncı kəndləri - Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin lap yaxınlaşdığını göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətindən hücumlar olurdu. Xocavənd rayonu ərazisindən hücuma keçən ermənilər Qubadlını işğal etmək istəyirdi. Hər dəfə də yerli özünümüdafiə dəstələrinin müqavimətinə rast gələrək itki verib geri çəkilirdi. Ermənistan ordusu rayona doğru hərəkət etdikcə vəziyyət gərginləşirdi. Buna baxmayaraq, qubadlılılar vuruşurdular. Məğlub olmaq istəməyən rayon camaatı avqustun 31-i rayonu tərk etmək məcburiyyətində qaldı. Buna səbəb, yuxarıda deyildiyi kimi, silahın olmaması, ordunun normal fəaliyyət göstərə bilməməsi və düşmənin kifayət qədər güclü silahlanması idi. 1993-cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan qoşunları Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib Muradxanlı kəndinə daxil oldular. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutmuş və həmin gecə Xanlıq kəndinə qədər olan bütün yaşayış məntəqələri ermənilərin əlinə keçmişdi. 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşmüş Qubadlı işğal olundu.
Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid oldu. Qarabağ müharibəsində isə Qubadlı ümumilikdə 238 şəhid vermiş, 146 nəfər əlil olmuşdur. Bu gün qubadlılılar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş həmyerliləri Əliyar Əliyev, Bəylər Ağayev, Aslan Atakişiyev, Səfa Axundov, Ələkbər Əliyev, Kazımağa Kərimov, Aqil Məmmədov, Kərəm Mirzəyev, Vasili Əliyev və Fəxrəddin Cəbrayılovla fəxr edirlər.
Qubadlının işğalı nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klubu, 1 tarix-diyarşünaslıq muzeyi, 60 kitabxanası dağıdılmış, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb talan etmişlər. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə IV əsrə aid 1 qədim mağara, V əsrdə tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalmışdır.
Qubadlı rayonu ərazisində 20 min hektarlıq Qubadlı Dövlət Yasaqlığı yerləşirdi. Qismən Laçın rayonunun ərazisi də daxil olan Qubadlı Dövlət Yasaqlığında 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş cüyür, kəklik, 240 baş qırqovul, 300 baş bildirçin, 420 baş dovşan və digər çöl heyvanları qeydə alınmışdır.
İşğaldan bir az sonra - 1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 874 saylı qətnamə ilə təcavüzkardan zəbt olunmuş torpaqların boşaldılması tələb olunsa da, Ermənistan buna məhəl qoymamışdır...
On yeddi ildir ki, rayonun 30 min əhalisi məcburi köçkün həyatı yaşayır. Buna baxmayaraq, qubadlılılar nikbindirlər. Çünki onlar dövlət başçısı İlham Əliyevə inanırlar. İnanırlar ki, Azərbaycan Prezidentinin müdrik, sülhsevər siyasəti nəticəsində torpaqlarımız azad olunacaqdır. Bu gün hər bir qubadlılı Ali Baş Komandanın əmri ilə silaha sarılmağa hazırdır.
######