SİYASƏT
QUBA RAYONUNDA ÖTƏN İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
Rayon ictimaiyyətinin nümayəndələri və qonaqlar, əvvəlcə, Heydər Əliyev Parkına gələrək, ümummilli liderin abidəsi önünə əklil qoymuş, gül-çiçək dəstələri düzmüşlər. Sonra mədəniyyət evində rayonun özəl müəssisələrində istehsal olunan məhsulların sərgisinə baxış olmuşdur. Rayon icra hakimiyyəti başçısının 2005-ci ilin sosial-iqtisadi yekunları və 2006-cı ildə qarşıda duran vəzifələrlə bağlı hesabatı dinlənilmiş, məruzə ətrafında çıxışlar olmuşdur. Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Prezident Proqramında Quba rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə mühüm nailiyyətlər qazanılmışdır. Yığıncaqda mövcud problemlər də diqqətə çarpdırılmış, əlaqədar vəzifəli şəxslərə konkret tapşırıqlar verilmişdir. Milli Məclisin deputatı Vahid Əhmədov rayonda ötən ilin yekunlarına münasibətini bildirmişdir. Hesabat yığıncağında nəqliyyat naziri Ziya Məmmədov çıxış etmiş, regionların sosial-iqtisadi inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və onun uğurlu nəticələri barədə geniş məlumat vermişdir.
Prezident Aparatının məsul işçisi Rəhim Abbasov yığıncaqda iştirak etmişdir.