MƏDƏNİYYƏT
QUBA RAYONUNUN RUSTOV KƏNDİNDƏ TARİXİ-MEMARLIQ ABİDƏSİ- MƏSCİD AÇILACAQDIR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, aprelin 7-də Quba rayonunun Rustov kəndində əsaslı bərpa və təmir işlərindən sonra yerli əhəmiyyətli tarixi-memarlıq abidəsinin - məscidin açılış mərasimi keçiriləcəkdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarına əsasən, Quba rayonunda 162 , o cümlədən 1 dünya əhəmiyyətli (memarlıq), 44 ölkə əhəmiyyətli ( 5 memarlıq, 39 arxeoloji) və 117 yerli əhəmiyyətli ( 82 memarlıq, 30 arxeoloji, 5 bağ, park və monumental xatirə abidəsi) abidə dövlət tərəfindən mühafizə olunur.
Həmin qərarla rayonun Rustov kəndindəki məscid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunur.
Məscid 1902-ci ildə bişmiş kərpicdən inşa olunmuşdur. Burada heç bir bərpa işləri aparılmadığından abidə qəza vəziyyətinə düşmüşdür.
Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında «Azər-İnşaat» Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən pilləkənlər, müəyyən yerlərdə kərpic divar, pəncərələr, qapılar, pəncərə şəbəkələri, taxta tavan, dam örtüyü, çardaq nərdivanı, suvaq örtüyü, ornamentlər, güldəstənin taxta döşəməsi, taxta divarlar və tavan, pəncərələr və s. bərpa olunmuşdur. İbadətə gələnlərə şərait yaradılması məqsədilə məscidin həyətində yeni köməkçi bina tikilmiş, abidə ətrafında abadlıq işləri aparılmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən, yaxın illərdə Quba rayonunda «Günbəzli hamam»ın, həmçinin I Nügədidəki məscidin bərpası da nəzərdə tutulmuşdur.