RƏSMİ XRONİKA
QUBA SƏRHƏD DƏSTƏSİNİN XINALIQ SƏRHƏD ZASTAVASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev oktyabrın 7-də Quba sərhəd dəstəsinin Xınalıq sərhəd zastavasının açılışında iştirak etmiş, şəxsi heyətlə görüşmüşdür.
Azərbaycan Prezidentini Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev qarşılayaraq raport verdi: “Möhtərəm Prezident, cənab Ali baş komandan! Xınalıq sərhəd zastavasının şəxsi heyəti Sizin gəlişiniz münasibətilə düzülmüşdür”.
Ali baş komandan İlham Əliyev sərhədçiləri salamladı.
Dövlətimizin başçısı zabitlərin xidməti şəraiti ilə maraqlandı, sərhəd zastavasının qərargahı ilə ətraflı tanış oldu, “Mətbuat lövhəsi”ndə Xınalıq kəndinə aid fotoşəkillərə maraqla baxdı.
General-leytenant Elçin Quliyev məlumat verdi ki, zastavanın yerləşdiyi Xınalıq kəndində iqlim şəraiti sərt olduğuna görə, dağlıq ərazilərdə xüsusi mühafizə avadanlığından, eləcə də xizəklərdən istifadə edilir.
Ali baş komandan dağlıq ərazilərdə sərhədçilərin istifadə etdikləri texnikaya, cihazlara və ləvazimata, müxtəlif təyinatlı digər avadanlığa, o cümlədən xizəklərə baxdı.
Prezident İlham Əliyev zastavanın həyətindən “Heydər zirvəsi”nə, dəniz səviyyəsindən 3 min metr hündürlükdə dalğalanan Azərbaycan bayrağına, dağın döşündə həkk olunmuş “Yaşa Azərbaycan” yazısına tamaşa etdi, dağlıq ərazidə sərhədçilərin at və itlərdən necə istifadə etmələrinə baxdı. Sonda isə bu mənzərəli yerdə xatirə şəkli çəkdirdi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev daha sonra Qubanın Qəçrəş kəndinə yola düşdü. Qırızdəhnə kəndi ərazisində avtomobili saxlayaraq, onun pişvazına çıxmış kənd sakinləri ilə görüşdü, onların problemləri ilə maraqlandı. Qırızdəhnə kənd orta məktəbinə baş çəkən dövlətimizin başçısı və xanımı Nəqliyyat Nazirliyi tərəfindən tikilmiş 50 yerlik bu təhsil ocağı ilə yaxından tanış oldular. Sakinlər və müəllimlər Quba-İspik-Xınalıq yolunun tikintisinə, ucqar kəndlərdə təhsilin inkişafına göstərdiyi qayğıya görə dövlətimizin başçısına təşəkkürlərini bildirdilər.
Kənddəki “Nazlı bulaq” istirahət mərkəzinin qarşısında da Prezident İlham Əliyevi və Mehriban xanımı böyük hörmətlə, gül-çiçəklə qarşıladılar. Dövlətimizin başçısının şərəfinə qurban kəsildi.