MƏDƏNİYYƏT
QÜDRƏTLİ ŞAİR VƏ DRAMATURQUN İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA
Muzeyin direktoru, filologiya elmləri doktoru, Milli Məclisin deputatı Rəfael Hüseynov sessiyanı açaraq, böyük faciə ustasının həyat və yaradıcılığının bəzi məqamlarından, XX əsrin birinci yarısında Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz xidmətlərindən danışdı. Bildirdi ki, repressiyadan sonra Hüseyn Cavidin adı ədəbiyyatdan silinsə də, o, xalqın qəlbində yaşayırdı. Ədib bəraət aldıqdan sonra, 1962-ci ildə Azərbaycanda ilk yubileyi – 80 illiyi qeyd olundu. Lakin həmin dövrdə də bu böyük sənətkar haqqındakı yazılarda, deyilən tərifli sözlərdə bir xəsislik hiss edilirdi. Hətta uzun qadağalardan sonra çap edilən kitabında da bəzi əsərləri təhrif olundu, üslubuna əl gəzdirildi. Cavidin yaradıcılığı bütöv şəkildə yalnız Azərbaycan ikinci dəfə müstəqillik qazanandan sonra xalqa çatdırıldı.
Qüdrətli dramaturqun nəşinin Sibir buzlaqlarından çıxarılıb doğma vətəninə gətirilməsində Prezident Heydər Əliyevin xidmətini xüsusi vurğulayan R.Hüseynov dedi ki, Hüseyn Cavid orada buzlaqlara gömülmüş minlərlə adamın arasında ilk insan oldu ki, cənazəsinin qalıqları gətirilib doğma torpağında dəfn olundu. Sonralar isə məzarı üstündə məqbərə tikildi, xatirəsini əbədiləşdirmək üçün ona heykəllər ucaldıldı, xiyabanlara, küçələrə, məktəblərə ədibin adı verildi.
Sessiyada aspirant Nuranə Əsədullayeva “Cavid yaradıcılığında “Azər” dastanının yeri”, muzeyin əməkdaşı Gülbəniz Babaxanlı “Azər” dastanında Şərq və Qərb” mövzusunda məruzə etdilər.
Şairin nəşinin vətənə gətirilməsində yaxından iştirak edən Həmid Cəfərov o vaxtlar qarşıya çıxan çətinliklərdən söz açdı.