İQTİSADİYYAT


QURUCULUQ PANORAMI

Son dörd il yarım müstəqil Azərbaycanın ən yeni tarixinə sürətləndirmə və quruculuq dövrü kimi daxil olmuşdur. İlham Əliyev ölkə Prezidenti seçiləndən sonra qəbul edilmiş ilk sənədlərdən biri bütün sahələrdə genişmiqyaslı dəyişikliklərə təkan verdi. Söhbət respublikanın regionlarının sosial-iqtisadi inkişafına dair uzunmüddətli Dövlət proqramından gedir. Artıq yerlərdə bu proqramın yerinə yetirilməsinə ilkin yekunlar vurulur. Bu əzəmətli quruculuq panoramının fraqmentləri AZƏRTAC-ın təşkil etdiyi və ölkənin, demək olar, bütün iqtisadi regionlarında olmuş səyyar jurnalistlər briqadasının hazırladığı silsilə reportajlarında öz əksini tapmışdır. Həmin silsilədən ilk materialları oxuculara təqdim edirik.

DƏVƏÇİ

“BİZ XOŞBƏXT ZƏMANƏDƏ YAŞAYIRIQ!”

Qədim çinlilər öz düşmənlərinə qarğıyanda ən dəhşətli saydıqlarını arzulayırdılar: “Səni görüm böyük dəyişikliklər dövründə yaşayasan!”.

Lakin müasir Azərbaycan qədim çinlilərin bu geniş ümumiləşdirməsinin həqiqiliyini çox böyük şübhə altına almışdır. Bunu yəqin etmək üçün Bakıdan şimala tərəf yollanmaq kifayət oldu. Sonra isə Böyük Qafqaz dağlarının zirvəsində, yaşı 4 min ilə çatan Xınalıq kəndində dünya görmüş, buna görə də həm müqayisə etməyə, həm də ümumiləşdirmələr aparmağa haqqı olan ağsaqqallar sadə, səmimi şəkildə dedilər: “Biz xoşbəxt zəmanədə yaşayırıq!”. Bakı-Siyəzən yolunda ilk səfər təəssüratımız cənuba çınqıl, qum və başqa tikinti materialları, şimala isə mişar daşı, sement, metal konstruksiyalar və meşə materialları daşıyan ağıryüklü “KamAZ”, “Ford”, “Volvo”, “Mann”, “Tatra” markalı maşınların axını oldu. Bir tərəfdən, iritonnajlı yük maşınlarının sıxışdırdığı minik maşınında hiss edirsən ki, bütün Azərbaycanı əhatə edən nəhəng bir tikintinin mərkəzinə düşmüsən. Digər tərəfdən, elə həmin minik maşınının qabaq şüşəsindən baxanda ABŞ, Rusiya, İsveç, Almaniya kimi dövlətlərin aparıcı avtomobilqayırma nəhənglərinin yüzlərlə ağır yük maşınlarının ticarət markalarını seyr etdikcə, istər-istəməz qəlbin qürur hissi ilə döyünür: cəmi bir neçə ildə ölkəmiz əvvəllər misli görünməmiş iqtisadi yüksəlişə nail olmuş və həm məcazi, həm də müstəqim mənada “müasir sənaye texnologiyalarının güclü təkərləri” üzərinə çıxmışdır.

Birinci dayanacağımız Siyəzən oldu. Keçən ilin yekunlarına görə rayonda ümumi məhsulun həcmi 68,5 milyon manat olmuşdur. Bu, 2006-cı ilin müvafiq göstəricisindən 45,2 faiz çoxdur. Yerli iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir, ümumi daxili məhsulun 52,4 faizi onun payına düşmüşdür.

Lakin makroiqtisadiyyat “xəstəxana üzrə orta temperatur” kimi bir şeydir. Yəni vəziyyət haqqında tam təsəvvür yaranması üçün təfsilat məlum olmalıdır. Biz də bu təfsilatı öyrənmək üçün, ilk növbədə, Siyəzənin neft-qaz mədənlərinə yollandıq, çünki rayon sənayesinin əsasını bu mədənlər təşkil edir.

Siyəzən NQÇİ-nin baş geoloqu Xalid Əliməmmədov yolboyu söhbət edirdi:

-ARDNŞ geoloqlarının hesablamalarına görə, Siyəzən mədənlərindəki neft ehtiyatları hələ iyirmi il kifayətdir. Son illərdə hasilatın dinamikası ümumən müsbətdir. Yeri gəlmişkən, Siyəzən nefti birbaşa rayon ərazisindən keçən Bakı-Novorossiysk boru kəmərinə vurulur.

Mədənlərdə neft və qaz hasilatının səmərəsini artırmaq üçün hər il yeni quyular qazılır. Bu quyuların birində qazma ustası Hacı Bəbirovun briqadası çalışır. Təəccüblü də olsa, qazmaçılar çox rahat və sakit işləyirdilər. Bununla belə, usta Hacı 30 ildən çox “Siyəzənneft”də işlədiyini və indiyədək 60 quyu qazdığını deyəndə, bu peşəkar işgüzarlığın səbəbləri dərhal aydın oldu.

Öz işinin ustası olan bu mütəxəssisə belə bir sual verdik: “Usta Hacı, Siyəzən neftçilərinin güzəranı necədir?”. Usta Hacı cavab verdi ki, ARDNŞ sistemində əmək haqqını hər il artırırlar. Yaxın vaxtlarda neftçilər üçün yeməkxananın tikintisi başlanacaqdır. Ustanın özünün ikimərtəbəli evi var, oğlu və qızı artıq böyüyüblər, babanın isə dörd nəvəsi var. Düzdür, oğlu atasının peşəsini davam etdirmir, Bakıda biznes fəaliyyəti ilə məşğuldur. Lakin necə deyərlər, Allah hərəyə bir yol açıb. Bir sözlə, usta Hacı və onun böyük ailəsi yaxşı yaşayır, şikayətlənmək günah olar.

Söhbət əsnasında yaşıllaşmaqda olan dağ ətəklərində səpələnmiş onlarca mancanaq dəzgahı diqqətimizi cəlb etdi. Onlar “başlarını” yerə əyərək, sanki hamısı ustanın dediklərini təsdiqləyirdi. Əlbəttə, bu, bir tərəfdən xalis mexanikadır, lakin digər tərəfdən, mancanaqların ahəngdar işləməsi zəhmətkeş insanın əməyinin nəticəsi idi.

Biz şəhərə qayıdarkən əsas yola çatanda Rayon İcra Hakimiyyətinin başçısı Əflatun Rufiyevlə rastlaşdıq.

Ə.Rufiyev məmnunluq hissi ilə dedi: “İndicə Siyəzənin kənarından keçən 9 kilometrlik magistral yolun tikintisinə baş çəkməyə getmişdim. Tikinti bu ilin sonunda başa çatacaq, onda bütün ağır nəqliyyat vasitələri şəhərin kənarından keçib gedəcəkdir. Şəhər sakinləri indiki vəziyyətlə müqayisədə dəyişikliyi dərhal hiss edəcəklər”.

Yeri gəlmişkən, həmin yolun tikintisində 210 nəfər yerli sakin çalışır. Müvəqqəti də olsa, hər halda, iş yerləri var. Mədənlərdən “Akkord” kərpic zavodu tərəfə döndük və o saat başa düşdük ki, müvəqqəti iş yerləri daimi iş yerlərinə çevrilə bilər. Əvvələn, 2003-cü ilin axırlarında fəaliyyətə başlamış “Akkord” zavodunun özü siyəzənlilərə daimi iş yerləri vermişdir. Hazırda burada 150 nəfər işləyir. Bakıdan, Siyəzəndən və bir sıra başqa regionlardan kərpic üçün sifarişlər daxil olur. Zavodun maksimum gücü sutkada 500 min ədəd kərpic istehsal etməyə imkan verir. Onu da deyək ki, xammal kimi yerli gildən istifadə edilir. Yəni yerli xammal, əmək və investisiya potensiallarından bacarıqla istifadə edilməsi göz qabağındadır. Zavodun icarəyə götürdüyü ərazidəki gil ehtiyatları hələ 50 ilə bəs edər. Bundan əlavə, “Akkord” kərpic zavodunun yanında asfalt zavodu da tikilir. Bu zavodun məhsulu yeni avtomobil yollarına döşənəcəkdir. Bir az mübaliğəli desək, yaxın vaxtlarda dəblə geyinməyi xoşlayan xanımlar hətta yağmurlu havada da yerli “brodveylərin” asfaltında tərtəmiz dikdaban tuflidə gəzə biləcəklər. Çünki ətraf yolların tozu onların ayaqqabılarının zərif dərisini korlamayacaq, ona görə ki, tozun özü olmayacaqdır.

Lakin Siyəzən rayonunun əbədi “çörək ağacı” sayılan kənd təsərrüfatı yenə diqqət mərkəzində qalacaqdır. Yerli fermerlər (bu söz başqa dildən alınma olsa da, çox dəbdədir) burada dənli bitkilər, kartof, bostan bitkiləri, meyvə, üzüm yetişdirməklə yanaşı, inək, qoyun, habelə toyuq və başqa ev quşları saxlayırlar.

Yeri gəlmişkən, burada ev quşçuluğuna xüsusi diqqət yetirilir. “Siyəzən-broyler” Səhmdar Cəmiyyətində çalışan 1200 işçi istehlakçılara hər il 12 min ton toyuq əti göndərir. Bu qədər məhsul fizioloji istehlak normalarına müvafiq qaydada bölüşdürülsə, SC-nin məhsulları il ərzində 100 min insanı ət ilə doydurmağa kifayət edər. Bəlkə də kommersiya sirri hesab edilə biləcək bir məlumatı bizə açıqlayaraq bildirdilər ki, yaxın gələcəkdə toyuq əti istehsalı ildə 25 min tona çatacaqdır.

Son illərdə rayonun aqrar sektorunun belə sürətlə inkişaf etməsinin səbəbini bilmək, ümumiyyətlə, çətin deyildir. Bizə dedilər ki, bu, ilk növbədə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi aqrar islahatın bəhrəsidir. Bu islahat nəticəsində torpağı əkib-becərənlər onun mülkiyyətçisi olmuşdur. İkincisi, XXI əsrdə Azərbaycanda baş verən müsbət dəyişikliklər, iqtisadi inkişafın sürətlənməsi sayəsində ölkənin dörd iri bankı Siyəzəndə filiallarını açmışdır. Bu isə fermerlər üçün kreditlər, yerli “Aqrotexservis”in mexaniki parkının genişlənməsi deməkdir. Aqrar sahə əməkçiləri bu parkın kənd təsərrüfatı texnikasını, – traktor, kombayn, toxumsəpən maşınlar, kultivatorlar və sair,- icarəyə götürərək torpağı şumlamaq, əkin və məhsul yığımı işlərini yüksək səviyyədə görmək imkanı əldə etmişlər.

İş gününün axırında yol kənarındakı “Murad” motelində çay içirdik. Söhbət əsnasında məlum oldu ki, motelin sahibi Fikrət Paşayev əvvəlcə restoran, sonra şadlıq evi tikmək fikrində imiş. Nəticədə isə o, həm restoran, həm şadlıq evi, həm də motel tikmişdir. Yeri gəlmişkən, motelin bütün otaqlarında avtomagistralın tikintisində çalışan türkiyəli mütəxəssislər qalırlar. İşdən təzəcə qayıdan türklər baş barmaqlarını yuxarı qaldıraraq həm motel, həm orada gəzişən tovuz quşu, həm də gələcək avtomagistral barədə yüksək fikirdə olduqlarını və ən çox isə müasir Azərbaycanın dinamik inkişafından razı qaldıqlarını bildirirdilər.

Biz əyani şəkildə yəqin etdik ki, Azərbaycanda gedən qızğın quruculuq işləri dostlarımızn hamısını sevindirir. Hər halda, motelin ofisiantı, Milli Orduda hərbi xidmətini bu yaxınlarda başa vurmuş Nəbi Hacıyev bizə bir sirr açaraq dedi ki, doğma Siyəzənə qayıdandan sonra burada şahidi olduğu işlər və layihələr onu öz biznes fəaliyyətinə başlamağa sövq edir. Əvvəlcə xidmət sahəsində başlayacaq, sonrasını isə zaman göstərər.

Siyəzəndə Xəzərin 37 kilometr uzunluğunda sahil boyunca geniş pansionatlar və istirahət evləri şəbəkəsi yaratmaq nəzərdə tutulur. Onda lacivərd və başqa uzaq sahillərdə dincələnlər Xəzərə üstünlük verəcəklər. Bunlar bu gün arzudur, sabah isə reallıq olacaqdır. Üstəlik, Azərbaycanda buna artıq adət etməyə başlayırlar.

ŞİRVAN

ENERGETİKLƏR ŞƏHƏRİNİN SƏNAYE YÜKSƏLİŞİ

Məlum olduğu kimi, bu yaxınlarda Milli Məclis Əli Bayramlı şəhərinin adının dəyişdirilib Şirvan adlandırılması barədə qərar qəbul etmişdir. Kür sahillərindən Böyük Qafqazın ətəklərinə qədər geniş bir ərazini əhatə edən bu yerlər ta qədimdən belə adlanırdı. Ötən əsrin ortalarında Kürün sahilində neftçilərin və energetiklərin gənc şəhərinin ilk məhəllələri yarandı. Onun şanlı bioqrafiyası belə başlandı.

Şəhər Ağsaqqallar Şurasının sədri, vaxtilə burada məsul vəzifələrdə çalışmış Vəli Ələkbərov şəhərin çoxsahəli iqtisadiyyatının yaradılması və təşəkkülünün bir sıra epizodlarının canlı şahididir. Onun sözlərinə görə, indi Şirvan öz tarixinin yeni səhifəsini açır, intensiv inkişaf mərhələsinə qədəm qoyur. Milli müdafiə sənayesinin fəxri sayılan “Telemexanika” zavodunun fəaliyyəti müasir texniki və texnoloji əsasda bərpa edilmişdir. Şəhərdə onlarca qeyri-dövlət müəssisəsi, xidmət və ticarət sahələrinə aid obyektlər yaranmışdır.

“MKT İstehsal Kommersiya” MMC zavodu çiyid emalının işə salınması mərasimində Prezident İlham Əliyev iştirak etmişdir.

Zavodun baş mühəndisi Nəriman Əlixanov həmin mərasimi xatırlayaraq deyir:

-Bu, işimizə xüsusi emosional çalarlar bəxş etmişdir. Hər birimiz yeni işə başlayarkən sanki ciddi imtahan verirdi. Kollektivimiz hamı bir nəfər kimi ürəklə işə başlamışdı...

İndi burada hər il 80 ton çiyiddən 14 ton marqarin və sabun alınır. Yağ, əsasən, Orta Asiya ölkələrinə ixrac edilir. Ekspertlərin hesablamalarına görə, buraya çəkilmiş xərclərin (6,4 milyon manat) özünü ödəyəcəyi gün uzaqda deyildir.

Çiyid emalı zavodu şəhərdə ümumi məhsul həcminin 2003-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 2,3 dəfə, sənaye istehsalının həcminin 2,2 dəfə artmasını təmin etmiş əsas müəssisələrdən biridir. Onu da deyək ki, istehsal edilmiş məhsulun yarısından çoxu özəl sektorun payına düşür.

Bu yaxınlarda şəhərdə Müalicə-Diaqnostika Mərkəzi açılmışdır. Bununla əlaqədar çox xoş sözlər deyilmişdir, hamısı da haqlıdır. Məsələn, hazırda pensiyaçı olan neftçi Əlikərəm Mahmudov bu hadisəni belə qiymətləndirir. O, əvvəllər Bakıda müalicə kursu keçirdi. Ağsaqqalın sözlərinə görə, bu məqsədlə ayda 100 manatdan çox pul xərcləyir, üstəlik, xeyli məsafə qət etməli olurdu. İndi isə həmin mərkəzdə ambulator şəraitində müalicə olunur, xərcləri də azalaraq minimuma enmişdir.

Mərkəzin baş həkimi, tibb elmləri namizədi Fikrət Həsənovun sözlərinə görə, burada bir xəstəyə xidmət göstərilməsi mərkəzi tikmiş və ona hamilik edən ARDNŞ-ə, demək olar ki, 1000 manata başa gəlir. Mərkəz başqa regionlardan olan xəstələri də qəbul edir.

Yaxın vaxtlarda yağmış leysan yağışları şəhərə çox ziyan vurmuşdu. Bununla əlaqədar büdcədən təcili qaydada ayrılmış 2 milyon manat da şəhər sakinlərinin rifahı üçün xərclənmişdir. İşin yaxşı təşkil edilməsi sayəsində qısa müddətdə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün çox şeyə nail olunmuşdur.

Şəhərin dirçəlişi, vaxtilə burada nadir Dövlət Rayon Elektrik Stansiyasının tikilməsi ilə bağlıdır. Bu, Avropada açıq tipli ilk elektrik stansiyası idi. DRES özünün bütün imkanlarını respublikanın rifahına sərf etmişdir. İndi isə dövlətimizin başçısının xeyir-duası ilə öz tərcümeyi-halını başa çatdırmaqda olan stansiyanın yaxınlığında “Cənub” adlı yeni istilik elektrik stansiyasının təməli qoyulmuşdur. Bu stansiyanın kollektivi energetiklərin ənənələrini yeni əsrdə davam etdirəcəkdir.

Şirvan özü də əvvəllər misli görünməmiş intensivliklə inkişaf etməkdədir. O, ahıl pensiyaçılar sırasına yazılmağa tələsmir. Bunu demoqrafik faktlar da təsdiq edir: şəhər sakinlərinin yarısından çoxu gənclərdir. Şəhərdə ən yaxşı inşa müsabiqəsinin qalibi olmuş 2 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Nigar Abdullayeva böyüməkdə olan nəslin arzu və amalları barədə yazı işində yazır:

-Doğma şəhərimin günbəgün gözəlləşdiyini görmək xoşdur. Müalicə-Diaqnostika Mərkəzi insanlarda qeyri-adi duyğular oyadır. Burada insanları müalicə edir, onların sağlamlığını özlərinə qaytarırlar. Nəticədə adamlar özlərini xoşbəxt hiss edir, sevinirlər. Buna görə də mən qəti qərara almışam ki, həkim olum və institutu bitirəndən sonra hökmən doğma şəhərimə qayıdım. O vaxta qədər bizim şəhər daha da gözəlləşəcəkdir.

XIZI

ƏSAS İSTİQAMƏT KİÇİK BİZNESDİR

Böyük Qafqazın ətəklərində yamyaşıl otla örtülmüş Dübrar dağının ətəyində yerləşən Xızı şəhəri eyniadlı rayonun mərkəzidir. Xızının tarixində inzibati dəyişikliklər çox olmuşdur. Onu gah Abşeron rayonunun tərkibinə daxil edir, gah da ondan ayırırdılar... Lakin düşünülməmiş bu inzibati variasiyaların heç bir səmərəsi olmurdu. Əslində, diqqətdən kənarda qalmış, özünəməxsus inkişaf relsindən çıxarılmış bu rayon tədricən yoxsullaşır, tənəzzülə uğrayırdı. Gələcəyə ümidlərini itirmiş sakinlər ata-baba yurdlarını tərk edirdilər. Yaxınlıqda yerləşən Sumqayıt isə dinamik inkişaf edən bir şəhər idi, orada işçi qüvvəsinə həmişə tələbat vardı. Elə Bakıda məskunlaşmış Xızı sakinləri də az deyil.

Bu itkilər indi də özünü göstərir. Xızı camaatının ərzaq məhsulları, o cümlədən çörək və göyərti almaq üçün hələ də Sumqayıta getdiklərini eşidəndə heyrətlənməmək mümkün deyildir.

Gəlin obyektiv danışaq. Dövlət proqramının yüksəlişə istiqamətlənmiş potensialı o qədər genişdir ki, başıbəlalı Xızı rayonunu da öz orbitinə cəlb etmişdir, bu rayonun tərəqqisi və inkişafının sürətləndirilməsi üçün konkret plan var. Qərəzsiz insan burada kiçik bizneslə məşğul olan yerli sahibkarlarla tanış olanda, rayon mərkəzinin yeni formalaşan simasına diqqət yetirəndə çoxdan gözlənilən dəyişikliklərin başlanmasını asanlıqla aşkar edə bilər. “Formalaşma” sözü rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevə məxsusdur və yəqin ki, burada baş verən prosesləri çox dəqiq ifadə edir.

Vaqif Abdullayevlə birlikdə şəhəri gəzirik, o da bu improvizə edilmiş ekskursiya da bizə tələsmədən izahat verir:

-Burada heç nə yox idi... İndi adam bunu deməyə də xəcalət çəkir, bəlkə də inanmayacaqsınız, amma “Azərenerji”, “Azəriqaz” və başqa respublika idarələrinin rayon şöbələri inşaatçıların istifadə etdiyi adi vaqonlarda yerləşirdi. Biz bir sıra mərkəzi orqanların rəhbərləri ilə dil tapdıq. O cümlədən, Daxili İşlər Nazirliyi ilə. Onlar vəsait və tikinti-quraşdırma təşkilatları ayırdılar, qısa müddətdə öz layihələri əsasında zəruri avadanlıqla təchiz olunmuş binalar tikdilər. Polis işçiləri, energetiklər və qaz təchizatı xidməti həmin binalara köçürüldü. İndi Xızıda ikimərtəbəli məişət evi, mədəniyyət evi, şahmat məktəbi, digər yeni qəşəng binalar var. Beləliklə, rayon mərkəzinin müasir siması tədricən formalaşmışdır.

Dövlət proqramının Xızı rayonuna aid bölməsində heyvandarlığın inkişafına, bitkiçilik məhsullarının istehsalı və emalının dəstəklənməsinə xüsusi diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Rayonun rəhbəri də bu göstərişləri əsas tutur. O, vəzifəyə təyin ediləndən sonra bütün yaşayış məntəqələrini gəzib-dolaşmış, yerli sakinlərin niyyətlərini öyrənmiş, onlarla məsləhətləşmişdir. Adlı-sanlı çoban, Sosialist Əməyi Qəhrəmanı, üç dəfə dalbadal Azərbaycan Ali Sovetinə deputat seçilmiş, hazırda Prezident təqaüdçüsü olan Hacı Əlisəfa Yaqubov çox işgüzar təkliflər irəli sürmüşdür. On dörd yaşından çobanlıqla məşğul olan bu zəhmətkeş insan respublikanın ən məşhur qoyunçularından biri idi, davarın sayının artırılması, dövlətə yun və ət satışı üzrə yarışda həmişə mükafata layiq yerlər tutmuşdur. Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıdanda Əlisəfa Yaqubov həyatda hər şeyin qaydaya düşəcəyinə tam inandı, çünki o, əvvəllər Heydər Əliyevlə dəfələrlə görüşmüşdü və bütün varlığı ilə ona inanırdı. Çobanın bütün ümidləri çin oldu: ölkə Prezidenti kolxoz və sovxozların ləğv edilməsi, onların əmlakının isə müvafiq təsərrüfatlarda işləmiş insanların arasında ədalətlə bölünməsi haqqında qərar qəbul etdi.

Bu qərarın ədalətliliyi onda idi ki, hər kəsə müvafiq pay müəyyən edilmişdi. Onun ailəsinə üç yüz başdan çox qoyun düşdü. Axı, Yaqubov təkcə özü işləmirdi, yeddi oğlunun beşi və onların həyat yoldaşları da onunla birlikdə çalışırdı. Bundan əlavə, onun öz qoyunları da vardır. Ümumilikdə, 600 başlıq qoyun sürüsü yarandı. Bu, ailə fermasının özəyi oldu. Sürüyə necə qulluq etməyi, cavan heyvanların sayını artırmağı isə əməkdar çobana öyrətməyə ehtiyac yox idi.

İndi sahibkar Yaqubovun iki min baş davarı var. Bu, sürünün optimal sabit sayıdır. Hər il min başa yaxın quzu doğulur və bunlar sürüdə saxlanır. Eyni sayda yaşlı davar isə kəsilir. Onların yunu, əti və dərisi özəl firmalarla bağlanmış müqavilələr əsasında Sumqayıtda satılır. Bundan əlavə, Yaqubovun 100 hektar torpağı var, orada buğda və apra əkir.

Yaqubovlar ailəsi xeyriyyəçilik işləri üçün də az pul xərcləmir. Şəhid ailələrinə maddi kömək göstərir, Qarabağ müharibəsində həlak olmuş rayon sakinlərinə öz vəsaiti hesabına xatirə abidəsi ucaltmışdır.

İcra hakimiyyətində bizə bildirdilər ki, ümumiyyətlə, rayonda aşkar yaşayan yoxsul adam yoxdur. Demək olar ki, hər bir ailə onlarca baş qoyun, inək, ev quşları saxlayır. Bəzi adamlar biznes ilə məşğul ola bilərdi, lakin vergilər məsələsi onları qorxudur. Bax, bu, əsl fəlakətdir. Adamların çoxunun xəbəri yoxdur ki, Heydər Əliyevin Sərəncamına əsasən kənd rayonlarında xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olan sakinlər torpaq vergisindən savayı, bütün başqa vergilərdən azad edilmişdir. Elə həmin Yaqubov ildə cəmi 1000 manat vergi ödəyir. Məhz vergi amnistiyası sayəsində onun ailəsi özünü möhkəm tutmuşdur. Prezident İlham Əliyev kənd sakinlərinə vergi güzəştlərinin müddətini daha beş il artırmışdır. İndi yerli hakimiyyət orqanlarının vəzifələrindən biri də ondan ibarətdir ki, vəziyyəti adamlara izah etsinlər, yaxşı gələcəyi olacaq sahibkarlığın fəal inkişafına kömək göstərsinlər.

“Kapitalbank”ın yerli filialı xoş sözlərə layiqdir. Bu bank, respublikanın iri kommersiya strukturları arasında hələlik yeganəsidir ki, Xızı sakinlərinə kömək etməyi qərara almışdır. Filialın rəhbəri Namiq Quliyev kommersiya banklarında iş təcrübəsi topladıqdan sonra bu rayona qayıtmışdır. O hesab edir ki, düzgün yoldadır. Müştərilərin həyatı onun gözlərinin qarşısında olduğuna görə, bu adamların maddi vəziyyətini öyrənmək üçün çox vaxt lazım gəlməyəcəkdir. Elə buna görə də bankın filialı kredit almaq istəyənlərin hamısına kömək etməyə çalışır. Filialın kredit portfelinin həcmi yeddi dəfə artmışdır və indi bir milyon manata yaxınlaşır.

Əvvəllər polis işçisi olmuş Cavid İslamov da yaranmış əlverişli şəraitdən bacarıqla istifadə etmişdir. Dübrar dağının ətəklərindən başlanan və iki rayonun – Xızı və Siyəzən rayonlarının ərazisindən keçən Ataçay sahilində çoxlu çay daşı yığılmışdı. Bu, çınqıl istehsalı üçün yaxşı zəmin ola bilərdi. Ali təhsilli gənc sahibkar çox uzaqgörən imiş: o, “Kapitalbank”ın Xızı filialından güzəştli şərtlərlə kredit götürmüş, sonra başqa banklardan da kredit almış, “Unilizinq” ilə saziş əsasında uzunmüddətli icarəyə 5 ədəd “KamAZ”, 1 ekskavator, 1 daşqıran maşın, 1 avtoyükləyici götürmüşdür. Bütün bu texnikanın dəyəri onlardan istifadə prosesində qazanılan pul hesabına ödəniləcəkdir. Borc ödənildikdən sonra texnika İslamovun ixtiyarına keçəcəkdir. Çox sərfəli olan bu biznes forması gənc sahibkarın gözlənilməz risklərə məruz qalmadan dirçəlməsinə kömək edir. İslamov 16 nəfər işçi cəlb edərək, karxananı işə salmışdır. Hazırda orada hər ay 50 tona qədər çınqıl istehsal edilir. Bu məhsul Bakıda və Sumqayıtda işləyən alman və türk inşaatçıları tərəfindən çox həvəslə alınır. Cavid isə indi güzəştli maliyyə şərtlərindən istifadə etməklə karxananı genişləndirmək niyyətindədir.

Ərazi etibarilə Xızı rayonuna daxil olan Altıağac kurort zonasında çalışan biznesmenlər də çox fəaldırlar. Bu diyarın ecazkar bitki aləmi, müxtəlif müalicəvi suları ekzotika və güllərin ətri hopmuş dağ havası həvəskarlarını cəlb edir. Onlarca ailə istirahət günlərində “Cənnət bağı” deyilən kurorta dincəlməyə gəlir. Bərəkətli Altıağac torpağı da bu diyarın iqtisadi inkişafı üçün potensial mənbədir.

GÖYÇAY

NAR AĞACI, NAR ÇİÇƏYİ...

Göyçay rayonu Azərbaycanın nar diyarı hesab edilir. Hazırda burada rayon mərkəzi də daxil olmaqla, 55 yaşayış məntəqəsi var. Göyçay şəhərinin adı onun ərazisindən keçən və dupduru suyu olan, göyümtül rəngə çalan eyniadlı çayla bağlıdır. Şəhər XV əsrdə Türkiyədən köçüb gələnlər tərəfindən salınmışdır. Burada eramızdan əvvəl II əsrə aid tarix-memarlıq abidələri, küp qəbirlərin qalıqları, qala və məscid xarabalıqları qalır.

Məşhur nar bağları Böyük Qafqazın ətəklərinə qədər uzanıb gedir. Son illərdə bu bağların ümumi sahəsi 2500 hektar genişlənmişdir və indi 3700 hektara çatır. Rayonda emal edilmək üçün 35 min tondan artıq nar tədarük edilmişdir. Göyçay şirələrinin göndərildiyi ölkələrin adları isə bütöv bir coğrafi atlasa bəs edər.

Dövlət proqramı sayəsində burada yaradılmış “Göyçay-süd” Açıq Səhmdar Cəmiyyətinin süd məhsulları Bakıya və qonşu Gürcüstana göndərilir. Tikiş fabrikinin işi bərpa edilmiş, 200-ə yaxın fəhlə və qulluqçu əvvəlki iş yerlərinə qayıtmışdır. Sahibkarların vəsaitləri hesabına qum və çınqıl istehsal edən iki yeni karxana istifadəyə verilmiş, saatda 45 ton məhsul istehsal edən asfalt zavodu işə salınmışdır. Mebel sexi açılmışdır. Ənənəyə görə keramzit, kərpic, kirəmid, yerli xammaldan hazırlanan çini borular istehsal edilir. Bütün bunlar rayonda müntəzəm olaraq açılan yeni iş yerlərinin sayının artması barədə statistik məlumatların əyani təsdiqidir. Bu iş yerlərinin xeyli hissəsi özəl sektor hesabına yaranır.

Potu kənd sakini Əsəd Hacıyev rayonda sahibkarlığın inkişafı üçün yaranmış əlverişli şəraitdən bacarıqla istifadə etmişdir. O deyir:

- Mən, əsasən, arıçılıq və heyvandarlıqla məşğulam. 80 hektar torpaq alıb orada öz təsərrüfatımı yaratmışam. Taxıl, yem bitkiləri yetişdirirəm, qaramal fermam var. İlk növbədə, yerli cinsdən olan bütün inəkləri satdım. İndi tədricən ətlik və südlük cins heyvanlar alıram.

Əsəd Hacıyevin dediklərinə bunu da əlavə etmək lazımdır ki, onun bağında onlarca sort meyvə ağacı var. O, Avropada yetişən alma sortlarını uğurla rayonlaşdırır. Lakin Fransanın “Semerinka” sortundan fərqli olaraq, Göyçayda yetişdirilən “Miçurinka” almasının meyvələri daha şirəli və ətirlidir. Sahibkarın oğlanları da onun yanında işləyirlər. Hamısı ali təhsilli olsalar da, torpaqda işləməyi, ailə ənənələrini davam etdirməyi qərara almışlar. Vaxtilə məmurların və yerli bürokratların özbaşınalığı üzündən bu təcrübəli sahibkar hər şeyi satmaq və respublikadan köçüb getmək istəyirdi. Fikirləşirdi ki, kəndli hər yerdə özünə iş tapar. Lakin zəmanə dəyişdi və Ə.Hacıyev hiss etdi ki, sahibkarın cəmiyyətdə nüfuzu getdikcə artır. Bu gün o, regionda ən iri torpaq sahibkarlarından biridir.

Əsəd kişi deyir:

-Yeni həyat bizim kəndlilərin çoxunun maddi vəziyyətinə və məişətinə yaxşı dəyişikliklər gətirmişdir. İndi artıq hamı başa düşür ki, vicdanla çalışsan, qazancın da yüksək olacaq, firavan yaşayacaqsan.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.