REGİONLAR
QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 9-da Bakı şəhərində “Təzə bazar” MMC-nin, 6 nömrəli ticarət mərkəzinin, Sabunçu və Badamdar qəsəbələrinin ərazilərində quşçuluq məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin və Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri yarmarkalar paytaxt əhalisinin bu məhsullara tələbatının daha dolğun ödənilməsi və qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir.
“Təzə bazar” MMC-nin ərazisindəki yarmarkada alıcılara İmişli, Siyəzən, Hacıqabul, Xızı rayonlarının, Giləzi və digər quşçuluq müəssisələrinin məhsulları - toyuq əti, yumurta təklif olunurdu.
İmişli broyler fabrikinin işçisi Faiq Əhəmədov toyuq ətinin kiloqramını növlərinə görə 2 manat 20-2 manat 60 qəpiyə, Giləzi quşçuluq şirkətindən Sabir Qarayev Hacıqabul quşçuluq fabrikindən Əsrail İsmayılov, Vüqar Əliyev yumurtanın birini 11-12 qəpiyə satırdılar.
Alıcılar quş ətinin və yumurtanın bazar qiymətlərindən ucuz olduğunu razılıqla qeyd edirdilər.
İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, bu gün şəhərin yarmarkalarında satışa 20 tondan çox toyuq əti və 500 min ədəd yumurta çıxarılmışdır. Satış-yarmarkalar şənbə və bazar günləri də davam etdiriləcəkdir.