REGİONLAR
“QUŞ QRİPİ” İLƏ BAĞLI AZƏRBAYCANA GƏLMİŞ ABŞ MÜTƏXƏSSİSLƏRİ KƏND TƏSƏRRÜFATI NAZİRİ İLƏ GÖRÜŞMÜŞLƏR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İsmət Abasov təhlükəli xəstəliyə qarşı mübarizə sahəsində təcrübə mübadiləsi üçün tanınmış mütəxəssislərin ölkəmizə səfərini təşkil etmiş ABŞ hökumətinə və səfirliyinə minnətdarlığını bildirmişdir. O, qeyd etmişdir ki, səfirliyin yardımı sayəsində Dünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyi ilə danışıqlar aparılmış və “quş qripi” virusunun olub-olmamasını müəyyənləşdirməkdən ötrü götürülmüş qan nümunələrinin müayinə üçün yanvarın 24-də Londona göndərilməsi barədə razılıq əldə edilmişdir.
Nazir qonaqlara “quş qripi”nə qarşı Azərbaycanda aparılan tədbirlər barədə ətraflı məlumat vermişdir.
Nümayəndə heyətinin rəhbəri, ABŞ Dövlət Departamentinin təmsilçisi xanım Anna Dersi qeyd etmişdir ki, bu xəstəlik qlobal olduğu üçün ona qarşı mübarizə də qlobal miqyasda aparılmalıdır. O, respublikamızda bu sahədə həyata keçirilən tədbirlərdən, xüsusilə müvafiq komissiyanın yaradılmasından məmnunluğunu bildirmişdir. Dövlət Departamentinin təmsilçisi həmin komissiyanın tərkibinə Təhsil Nazirliyinin nümayəndəsinin də əlavə olunmasını məqsədəuyğun saymışdır. Onun sözlərinə görə, bu, maarifləndirici tədbirləri daha da canlandırardı. Xanım Dersi qlobal xəstəliyə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın, ictimaiyyətə arxalanmağın vacibliyini vurğulamış, ölkəsinin bu sahədə Azərbaycanla əməkdaşlığa hazır olduğunu bəyan etmişdir.
Qonaqlar nazirə müvafiq təşviqat materialları təqdim etmişlər.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Ceyson Haylənd iştirak etmişdir.
Nümayəndə heyəti Respublika Baytarlıq Laboratoriyasında olmuş, mütəxəssislərlə fikir mübadiləsi aparmışdır.