REGİONLAR
“QUŞ QRİPİ” TƏHLÜKƏSİNƏ QARŞIMÜBARİZƏ DAVAM EDİR
DÖVLƏT BAYTARLIQ XİDMƏTİNDƏ MƏTBUAT KONFRANSI
Xidmət rəisinin müavini Emin Şahbazov demişdir ki, təhlükəli xəstəliklə bağlı ölkə ərazisində keçirilən 7-ci monitorinq bu günlərdə başa çatmışdır. Müvafiq komissiyanın üzvləri milli park, qoruq və köçəri quşların müvəqqəti məskunlaşdığı digər ərazilərdə olmuş, müayinə üçün qan və cəsəd nümunələri götürmüşlər. Həmin nümunələr, həmçinin ekoloqların Nabran, Siyəzən, Masallı, Lənkəran, Oğuz və Sumqayıtda keçirdikləri reydlər nəticəsində tapdıqları 32 köçəri quş cəmdəyi Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. Müayinə nəticəsində “quş qripi” virusunun əlamətləri aşkar edilməmişdir.
Emin Şahbazov məlumat vermişdir ki, ötən həftə Qahirə refrent laboratoriyasının müdiri Respublika Baytarlıq Laboratoriyasında “quş qripi” ilə əlaqədar görülən işlərlə tanış olmuş, mütəxəssislərlə söhbət etmiş, indiyədək aparılmış müayinələrin nəticələrini araşdırmışdır. Qonaq tam əminliklə bildirmişdir ki, Azərbaycanda bu xəstəliyin əlamətləri yoxdur.
Jurnalistlərin diqqətinə çatdırılmışdır ki, laboratoriyanın direktoru Elman Aslanov hazırda ABŞ-da səfərdədir. Ayın 29-da onunla birlikdə bu ölkənin ekspertlərinin Azərbaycana gələcəyi və özləri ilə nümunələrin müayinəsindən ötrü səyyar avadanlıq gətirəcəyi gözlənilir. Onların gəlişindən sonra zərurət olarsa indiyədək götürülmüş nümunələr müayinə üçün məsləhət bilinən şəhərlərdən birinə - ya Qahirəyə, ya Londona, ya Melburna, ya da Tokioya göndəriləcəkdir. Göndəriləcək materialların yarısı nəzarət üçün özümüzdə saxlanılacaqdır.
Natiq xidmətin “quş qripi” əleyhinə həyata keçirdiyi tədbirləri, tətbiq etdiyi qadağaları, quşçuluq sənayesi müəssisələrində görülən işləri bir daha xatırlatmış və xüsusi vurğulamışdır ki, əhali arasında maarifləndirici tədbirlərə böyük diqqət yetirilir.
Sonda jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.