ELM VƏ TƏHSİL
Qabiliyyət imtahanları zamanı abituriyentlər nələrə diqqət etməlidir?

Bakı, 7 iyun, AZƏRTAC
Qabiliyyət imtahanından “məqbul” qiymət alan abituriyentlər seçdikləri ixtisasların kodlarını özlərinin ixtisas seçimi üçün elektron ərizə formasına daxil etməli və müəyyən edilmiş müddətdə onu təsdiq etməlidirlər. Seçdiyi ixtisasların kodlarını elektron ərizə formasına daxil etməyən və ya müəyyən edilmiş müddətdə onu təsdiq etməyən abituriyent müsabiqəyə buraxılmır.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər qabiliyyət imtahanlarının nəticələri ilə əlaqədar DİM-in yaratdığı Apellyasiya komissiyalarına müraciət edə bilərlər. Oxşar imtahanları olan müxtəlif komissiyalar üzrə qabiliyyət imtahanında iştirak edib tam fərqli qiymətlər almış abituriyentlərin nəticələri DİM tərəfindən araşdırılacaq.
Xatirladaq ki, tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına müsabiqə abituriyentin qəbul (cari ilin məzunları - buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətləri üzrə imtahanlar keçiriləcək.