SİYASƏT
Qabrielius Landsberqis: Biz Azərbaycan tərəfindən təklif olunacaq hər cür əməkdaşlığa hazırıq
Bakı, 30 aprel, AZƏRTAC
Litva Cənubi Qafqaz ölkələri, o cümlədən təbii ki, Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Biz bu əlaqələri daha da genişləndirməkdə maraqlıyıq. Biz təkcə iqtisadi sahədə deyil, siyasi müstəvidə də əlaqələri gücləndirmək niyyətindəyik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Litvanın xarici işlər naziri Qabrielius Landsberqis azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
Litvanın xarici işlər naziri vurğulayıb ki, regionda sülh və təhlükəsizlik mühüm şərtdir. Litva Azərbaycan tərəfindən təklif olunacaq hər cür əməkdaşlığa hazırdır.
Qabrielius Landsberqis bildirib ki, ikitərəfli iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün potensial böyükdür. Azərbaycan Litvanın Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Litva, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi müstəvidə əməkdaşlığın genişlənməsinin də tərəfdarıdır.