DÜNYA
Qaçqınlar Yunanıstanın Saloniki şəhərinin mərkəzi meydanında düşərgə qurublar
Saloniki, 9 oktyabr, AZƏRTAC
Onlarla qaçqın Yunanıstanın Saloniki şəhərinin mərkəzi meydanında düşərgə qurub. Buna səbəb qaçqın düşərgələrində yerlərin olmamasıdır. Düşərgə quran qaçqınlar artıq bir neçə gündür ki, polisin onları həbs etməsini gözləyir. Onların fikrincə, həbs edildikdən sonra qeydiyyatları aparılacaq, siyasi sığınacaq almaq üçün sənədlər təqdim olunacaq və bununla da ölkə daxilində hərəkət edə biləcəklər.
Polis isə qaçqınların bu hərəkətinə tam biganədir.
Qeyd edək ki, Yunanıstan ərazisində, o cümlədən adalardakı qaçqın düşərgələrində yeni gələnlər üçün yer olmadığına görə münaqişələr yaşanır. Yunanıstan hökuməti isə maliyyə çatışmazlığı səbəbindən yeni düşərgələrin salınmasının mümkün olmadığını bildirir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki