CƏMİYYƏT


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Niderland Krallığının “Mine Mark” Fondunun ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, sədr Rövşən Rzayev Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində ölkəmizin üzləşdiyi humanitar problemlər, bu problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyev müharibədən əziyyət çəkən və sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara, o cümlədən qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısının artırılmasını daim diqqətdə saxlayır. Hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı icra edilir.

Bildirilib ki, işğalçı Ermənistan hərbi təxribatlar törətmək və atəşkəs rejimini müntəzəm şəkildə pozmaqla qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin, o cümlədən uşaqların həyatını ciddi təhlükə qarşısında qoyur. Azərbaycan özünün işğaldan azad edilən ərazilərini minalardan təmizləyib, bərpa-abadlıq işləri aparsa da, həmin ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması öz aktuallığını saxlayır.

“Mine Mark” Fondunun həmtəsisçiləri Lalə Mustafazadə-Van der Kolk, Nils Hegel, ictimaiyyətlə əlaqələr meneceri İlaria Vallini, maliyyə və strategiya meneceri Aleksandr Zrdavkovski təmsil etdikləri qeyri-hökumət təşkilatının ötən il yaradıldığını, qurumun uşaqları, gəncləri minalardan, partlayıcı döyüş sursatlarından qorumaq məqsədi ilə layihələr həyata keçirdiyini, Azərbaycanda da belə layihələrin icrası üzrə əməkdaşlıq perspektivlərinin olduğunu bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Nidarlandlı qonaqlar sonra Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.