CƏMİYYƏT
Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının ümumi yığıncağı keçirilib
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin videokonfrans vasitəsilə ümumi yığıncağı keçirilib.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, assosiasiyanın yeni idarə heyəti və Nəzarət Təftiş Komitəsi formalaşıb.
Yığıncaqda assosiasiyanın təsisçisi Səkinə Babayeva, Jalə Hacıyeva və Cəmilə Abdullayeva, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, eləcə də 90 nəfərə yaxın assosiasiya üzvü iştirak edib.
Videokonfransda 2019-cu il üzrə tərəqqi və maliyyə hesabatı, üzvlük haqlarının yığımı, idarə heyətinə seçkilər (15 üzv), pandemiya dönəmində görülən və görüləcək sosial tədbirlər müzakirə olunub. İlk olaraq idarə heyətinin üzvlərinin sayının 3 nəfərdən 15 nəfərədək artırılması qərara alınıb. Videokonfrans iştirakçıları səsvermə yolu ilə sədr, sədr müavinləri, 15 nəfərdən ibarət tərkibdə yeni idarə heyəti və Nəzarət-Təftiş Komissiyası (NTK) üzvlərini seçiblər.
Onlayn səsvermədən öncə, seçim mərhələsi zamanı idarə heyəti üzvlüyünə namizədlər çıxış edərək konfrans iştirakçılarını gələcək fəaliyyət planları ilə tanış ediblər. Səs çoxluğu ilə Səkinə Babayeva idarə heyətinin sədri, Jalə Hacıyeva və Jalə Əmirbəyova sədr müavinləri seçilib, həmçinin assosiasiyanın Nəzarət Təftiş Komissiyasının üzvləri müəyyənləşib.
2020-ci ilin sonunadək icrası nəzərdə tutlmuş layihələr və digər fəaliyyətlər haqqında təsisçilər S.Babayeva və J.Hacıyeva iştirakçıları məlumatlandırıblar.