REGİONLAR


Qadın bəşəriyyətin gələcəyidir

Sumqayıt, 8 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Universitetində (SDU) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən bayram tədbirində çıxış edən ali məktəbin rektoru, professor Elxan Hüseynov kollektivdə çalışan bütün xanım əməkdaşları və tələbələri təbrik edərək, onlara ailə xoşbəxtliyi, ictimai fəaliyyətlərində uğurlar diləyib.

AZƏRTAC xəbər verir ki, rektor Azərbaycanda qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətdə tutduqları yüksək mövqedən söz açıb. Bildirib ki, bu gün Azərbaycan qadınının səsi ən yüksək tribunalardan gəlir. Qadınlar tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayıblar. Tarixin bütün dövrlərində qadınlarımız həm sədaqətli həyat yoldaşı, həm görkəmli ictimai xadim, həm də təmsil olunduğu sahədə özünü peşəkar mütəxəssis kimi təsdiq edərək kişilərlə bərabər çiyin-çiyinə çalışırlar.

Qeyd edilib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın gender siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkə başçısının yürütdüyü siyasət nəticəsində qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə müasir dövrdə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi ölkəmizin tərəqqisi naminə mühüm işlər görür.

Sonra Elxan Hüseynov bayram münasibətilə universitetin ictimai həyatında fəal iştirakına görə bir qrup qadın əməkdaşa fəxri fərman və pul mükafatı təqdim edib. Tədbirdə həmçinin bir qrup xanım əməkdaş Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.

Tədbir konsert proqramı ilə davam edib. Qadınlara həsr olunmuş musiqili proqramda tanınmış incəsənət ustaları və universitetin “Səma” rəqs qrupunun üzvləri öz ifaları ilə tədbir iştirakçılarına xüsusi ovqat bəxş ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.