MƏDƏNİYYƏT
“Qadın güldür, bacarsan güldür” kitabının təqdimatı keçirilib
Bakı, 26 may, AZƏRTAC
Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında “Qadın güldür, bacarsan güldür” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova tədbiri açaraq, kitabda şairə Esmira Günəşin “Qadın güldür, bacarsan güldür” povesti ilə yanaşı, həmkarı Saleh Mehdizadə ilə deyişməsinin də yer aldığını bildirib.
Kitaba ön sözü Türkiyədə yaşayan “Orhun” nəşriyyatının direktoru, şair-publisist Nəzmiyyə Hicran yazıb.
Müəllif Esmira Günəş povestindən danışaraq vurğulayıb ki, gerçək həyat hadisələrinə söykənən bu əsərdə qadın taleyinin çətinliklərindən bəhs olunur.
Tədbirdə çıxış edən şair Validə Küskün gənc həmkarlarına uğurlar arzulayıb. Sonra Tural Nəqşicahan və Südabə Sərvi öz şeirlərini səsləndiriblər. Oxucu Nəzakət Rəhimova gənc şairlərin şeirlərini oxuduğunu söyləyib, onlara tarixi mövzuda əsərlər yazmalarını tövsiyə edib. Qiraətçilər Nazlı Çələbi, Yasər Dadaşbəyli və Eminli Lamiyə Esmira Günəşin şeirlərini səsləndiriblər.
Gənc yazarlar Esmira Günəş və Dəniz Rüzgar kitablarını kitabxanaya hədiyyə ediblər.