MƏDƏNİYYƏT
“Qadın olmaq” adlı müasir video incəsənət sərgisi təşkil ediləcək
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan qadınlarının azadlıq hərəkatının 100 illik yubileyinə həsr olunmuş və özündə gender məsələlərini əks etdirən müxtəlif nəsil 10 müasir azərbaycanlı rəssamın işindən ibarət “Qadın olmaq” adlı müasir video incəsənət sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sərgi mayın 17-dən 19-dək Tbilisi İncəsənət Sərgisi (TAF) ilə əməkdaşlıq çərçivəsində Birləşmiş Rəssamlar Klubu (BRK) və Azərbaycan Rəssamlar İttifaqının (ARİ) egidası altında təşkil ediləcək.
Əməkdar rəssam Sabina Şıxlinskayanın təşəbbüsü və müəllifliyi altında baş tutacaq sərgi layihəsi Aqil Abdullayev, Bəhram Xəlilov, Çinarə Məcidova, Leyli Qafarova, Leyli Salayeva, Nəzrin Məmmədova, Sabina Şıxlinskaya, Sitara İbrahimova, Teymur Daimi və Vüsal Rəhim kimi on müxtəlif rəssamın gözü ilə müasir incəsənət prizmasından gender bərabərliyi məsələlərinin son 100 il ərzindəki inkişafına dair fikir və düşüncələrini əks etdirir, eləcə də dünya ictimaiyyətində qadınların güclənməsinin vacibliyi və bu mövzunun ən aktual suallarına cavab vermək məqsədi daşıyır.
Bəhram Xəlilovun hazırladığı və Könül Rəfiyevanın koordinasiyası altında baş tutan layihə “United Cultures in Azerbaijan” LTD və İsveçin ölkəmizdəki səfirliyinin dəstəyi ilə həyata keçirilir.
TAF, Qara dəniz, Xəzər və Baltik dənizətrafı bölgəyə fokuslanan beynəlxalq müasir incəsənət sərgisidir. TAF 2019-cu il iştirakçıları peşəkar reputasiya, təqdim edilən bədii və kurator qərarları, eləcə də coğrafi mövqeyə uyğun meyarlar əsasında seçilir.