REGİONLAR
“Qadın və İnkişaf” Mərkəzi rayonlarda maarifləndirmə tədbirlərinə başlayır
Bakı, 4 avqust, AZƏRTAC
“Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması sahəsində təbliğat işlərinin aparılması” adlı layihəyə başlayır.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi rayonlarda əhali arasında maarifləndirmə işləri aparmaqla abortların qarşısının alınmasına, ana və körpə ölümünün sayının azalmasına nail olmaqdır. Şirvan şəhərində, Sabirabad, Ağsu, Göyçay və Masallı rayonlarında keçiriləcək seminar və görüşlərdə iştirakçılara reproduktiv sağlamlıq, ailə planlaşdırılması, abortların ziyanı, erkən nikahların fəsadları, yoluxucu xəstəliklərin qarşısının alınması yolları, hamiləlikdən səmərəli qorunma üsulları barədə məlumat veriləcək. Eyni zamanda, maarifləndirmə işinin səmərəliliyinin artırılması məqsədilə yerli kütləvi informasiya vasitələrinin nümayəndələri bu tədbirlərə cəlb olunacaq.
Layihənin yekununda təklif və tövsiyələr hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək.