CƏMİYYƏT
Qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah ilə görüşündə əməkdaşlıq məsələləri müzakirə olunub, yeni layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşının alınması, qadınların müxtəlif sahələrdə fəallığının artırılması məqsədilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən tədbirlər barədə danışıb. O, həmçinin beynəlxalq təşkilatlarla birgə reallaşdırılan layihələrdən və onların uğurlu nəticələrindən bəhs edib.
Samr Şah da öz növbəsində, uşaq və qadın hüquqlarının müdafiəsi, onların bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirdikləri sosial layihələr barədə məlumat verib, bu sahəyə göstərdikləri marağı qeyd edib.