REGİONLAR
Qadına yüksək münasibət Nizami Gəncəvi poemalarının aparıcı mövzusunu təşkil edir
Masallı, 5 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı Dövlət Regional Kollecinin müəllimlərinin, təhsil işçilərinin, Qadın Resurs Mərkəzinin üzvlərinin iştirakı ilə “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi yaradıcılığında qadın surətlərinin tərənnümü” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Dilbər İbayeva çıxışında bildirib ki, Şərq dünyasının mütəfəkkir və filosofu, dahi Azərbaycan şairi Nizami öz əsərlərində əxlaq və etikanı təbliğ edib. Həmin əsərlər bu gün də aktuallığını saxlamaqdadır. Böyük şairin yaradıcılığında qadın obrazı xüsusi yer tutur. Qadına yüksək münasibət Nizami poemalarının aparıcı mövzusunu təşkil edir. Böyük şairin qadın qəhrəmanları həmişə uzaqgörən olublar.
Qeyd olunub ki, Azərbaycan qadını əsrlər boyu xalqımızın ictimai-siyasi həyatında fəal iştirak edib, öz mərdliyi, saflığı və sədaqəti ilə seçilib.
D.İbayeva çıxışında, həmçinin bütün qadınları 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, qadınlarımıza göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Onlayn tədbirdə müəllimlərdən Dilarə Hüseynova, Gülcahan Vəkilzadə, Könül Qənbərova və Mehriban Əzizova mövzu ilə bağlı çıxış ediblər.