REGİONLAR
Qadınlar “Sahibkar ol!” təlimində fəallıqla iştirak edirlər
Naxçıvan, 17 iyun, AZƏRTAC
İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyələşdirdiyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi çərçivəsində növbəti “Sahibkar ol!” təlimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimdən əvvəl çıxış edən komitənin sədri Ramilə Seyidova ölkəmizdə həyata keçirilən uğurlu dövlət qadın siyasətindən bəhs edib. Bildirib ki, muxtar respublikada da dövlət qadın siyasətinin tərkib hissəsi kimi qadınların məşğulluqlarının təmin olunması ilə əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, müvafiq sahə ilə bağlı Dövlət proqramı qəbul olunub. Həmçinin qadınların sahibkarlıq fəaliyyətinin inkişafı, ailə təsərrüfatlarının qurulması və istedadlı qadınların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə güzəştli şərtlərlə kreditlər və müvafiq olaraq aktivlər verilir. Bunun nəticəsidir ki, sahibkar və ailə təsərrüfatçısı qadınların sayı artır.
Qeyd olunub ki, müxtəlif yarmarka və festivallarda qadınların əl işlərindən ibarət sərgi-satışlar təşkili qadınların məşğulluqlarının təmin edilməsinə, ailə büdcələrinin yaxşılaşdırılmasına əsaslı təsir göstərirdisə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq qadınların hazırladıqları əl işlərinin muxtar respublikanın turizm mərkəzlərində səyyar sərgi-satışlarının təşkil edilməsi bu istiqamətdə atılan daha bir mühüm addım olacaqdır.
Bildirilib ki, əvvəlki sosial layihələr kimi, yeni layihənin də icrası uğurla davam etdirilir. Bu sosial layihə çərçivəsində qadınların məşğulluqlarının təmin edilməsi istiqamətində təşkil olunmuş təlimlərdə 60-dan artıq qadın iştirak edib.
Ramilə Seyidova muxtar respublika qadınlarına göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək layihə çərçivəsində keçirilən “Sahibkar ol!” təlimi haqqında layihə iştirakçılarına ətraflı məlumat verib, qadınlar üçün təşkil olunan təlimlərin onların maliyyə savadlılığı ilə bağlı bilik və bacarıqlarının artırılmasına, gələcək bizneslərinin inkişafına əhəmiyyətli təsir göstərəcəyinə əminliyini ifadə edib. Sonra layihə rəhbəri təliminə start verib.
Təlimdə qadınlara sahibkarlıq fəaliyyətinin vacibliyi, uğurlu biznes planlaşmasının mərhələləri, biznes ideyalarının təşviq edilməsi, marketinq planlarının hazırlanması, lazım olan resurslar, sərmayə kapitalının maliyyələşdirilməsi və biznes planlarının hazırlanması ilə bağlı ətraflı məlumat verilib. Təlim qarşılıqlı diskussiya şəraitində keçirilib, hər bir qadın özünün fəaliyyət istiqamətinə görə biznes planı hazırlayıb.
Sonda layihədə iştirak edən qadınlara sertifikatlar təqdim olunub.
Layihə iştirakçısı Aynurə Allahverdiyeva və Xuraman Seyidova onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.