İDMAN


Qadınlar arasında voleybol üzrə Avropa çempionatına start verilib

Azərbaycan milli komandası ilk oyunda Macarıstan yığmasına qalib gəlib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin “A” qrupunda yer alan Azərbaycan millisi Macarıstan yığmasını 3:0 hesabı ilə məğlub edərək Avropa çempionatına qələbə ilə başlayıb. Milli komandamız ilk setin əvvəlində hesabda geri olsa da, setin sonuna doğru üstünlüyü ələ alaraq 25:23 hesabı ilə qələbə qazanıb. Azərbaycan voleybolçuları ikinci setdə inamla mübarizə apararaq rəqibə çətinlik çəkmədən qalib gəliblər – 25:14. Oyunun üçüncü seti də voleybolçularımızın inamlı qələbəsi ilə yekunlaşıb - 25:16.

“A” qrupunun digər oyununda Polşa yığması Almaniya millisini məğlub edib – (23:25, 25:15, 18:25, 25:23 və 15:5).

“B” qrupunun görüşləri Tbilisidəki Yeni İdman Sarayında oynanılıb. Ev sahibi Gürcüstan yığması İtaliya ilə qarşılaşmada 0:3 hesabı ilə məğlub olub (14:25, 12:25, 12:25). Bu qrupun digər oyununda Xorvatiya ilə görüşdə Belarus voleybolçuları ilk iki setdə məğlub olsalar da, oyunda dönüş yaradaraq qələbə qazanıblar – 3:2 (10:25, 15:25, 25:21, 25:20 və 15:9).

Çempionatın birinci günündə “C” qrupunda bir görüş oynanılıb. Hazırkı çempion Rusiya yığması Ukrayna millisi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Rusiya voleybolçuları qələbə qazanıblar – 3:2 (25:18, 20:25, 25:23, 23:25 və 15:13).

Göygöl Olimpiya İdman Kompleksində keçirilən “D” qrupunun ilk oyununda Serbiya komandası çexiyalı voleybolçulara 3:0 hesabı ilə qalib gəlib (25:22, 25:16, 25:23). Bu qrupun digər oyununda isə Niderland milli komandası Belçika yığması üzərində 3:1 (23:25, 25:12, 25:21, 25:14) hesabı ilə qələbə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.