CƏMİYYƏT


Qadınlar daha çox üz estetikasına diqqət yetirirlər

Bakı, 13 sentyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinə göz altında əmələ gələn torbanın dartılması, göz üstündə dəri sallanmasının aradan qaldırılması və göz yırtığının bərpası məqsədilə 54 yaşlı pasiyent müraciət edib. Həmin şöbənin müdiri, tibb üzrə fəlsəfə doktoru Mirsaleh Abdullayevin rəhbərliyi ilə xəstənin gözündə estetik əməliyyat aparılıb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbə müdirinin sözlərinə görə, uğurla başa çatan əməliyyatdan sonra xəstə özünü normal hiss edir: “Əməliyyatla xəstənin göz ətrafı quruluşuna estetik görünüş verilib: Klinikada bu cür əməliyyatlar çox olur. Həmin əməliyyatı indiyədək icra etdiyimiz onlarla uğurlu cərrahi müdaxilələrdən biri hesab etmək olar. Şöbəmizdə kişilər üzərində ginenokamastiya, blefaroplastika, liposaksiya və s. əməliyyatları da icra olunur”.

M.Abdullayev bildirib ki, qadınlar əsasən üz estetikasına diqqət edirlər. Xanımlarda ən çox aparılan əməliyyatlar sırasında bədən quruluşunun şəkilləndirilməsi, sifətin gəncləşdirilməsi, sallanmış göz qapağının və göz altında əmələ gələn torbaların aradan qaldırılması ilə bağlı olur: “Belə əməliyyatlarda biz dərialtı toxumaları çıxarır, dəriyə estetik görünüş veririk. Bəzən qadınlar dodaqlara gel və sintetik polimerlər vurdururlar və bu əməliyyatın nəticəsi uğursuz olur. Bu zaman biz dodaqları əvvəlki vəziyyətinə qaytarırıq”.

Həkim gənc xanımların əməliyyat yolu ilə süd vəzilərini böyütmə üsuluna da əl atdıqlarını diqqətə çatdırıb. Bir neçə doğuş keçirmiş qadınlar abdominoplastika və arıqladıqdan sonra qolların ətrafında əmələ gələn sallaqlığın aradan qaldırılması ilə bağlı müraciət edirlər.

M.Abdullayev şöbədə, həmçinin şəlpəqulaqlığın aradan qaldırıldığını, bədəndə olan və məsləhət görülən xalların estetik əməliyyat edildiyini, saçların əkilməsi imkanlarının olduğunu da qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.