CƏMİYYƏT
“Qadınlar sülh uğrunda” mövzusunda beynəlxalq videokonfrans keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 24-də “Qadınlar sülh uğrunda” mövzusunda beynəlxalq videokonfrans keçirilib. Azərbaycanın da təmsil olunduğu konfransda Niderland, Latviya, Litvanın, Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliklərindən və qeyri-hökumət təşkilatlarından beynəlxalq ekspertlər bir araya gəliblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, konfrans iştirakçıları COVID-19 pandemiyası dövründə ailədaxili zorakılıqla bağlı problemlərin aradan qaldırılması sahəsində təcrübələrini bölüşərək qadınların qərarqəbuletmə proseslərində rolu, gender bərabərliyi və qadın hüquqları ilə bağlı fikir mübadiləsi aparıblar.
Tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və “Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti” qeyri-hökumət təşkilatının rəhbəri Şəhla İsmayılova təmsil ediblər.
Çıxışında İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi terror əməllərindən bəhs edən S.Qəhrəmanova işğalçı dövlətin 30 ilə yaxın bir müddətdə əsassız ərazi iddiaları ilə Azərbaycana hərbi təcavüzü nəticəsində hüquqları pozulan qadın və uşaqlardan söhbət açıb. Azərbaycanda qadın hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən tədbirlərdən danışan komitə sədrinin müavini BMT Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı Qətnaməsinin Azərbaycanda tətbiqinə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” layihəsinin hazırlanaraq hökumətə təqdim edildiyini diqqətə çatdırıb.
Konfransda Latviyanı Milli Fəaliyyət Planı üzrə səfiri, Latviya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar və İnsan Haqları İdarəsinin direktoru İlze Ruuse və “Marta” qeyri-hökumət təşkilatının rəhbəri İluta Laas təmsil ediblər.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri, nazir-müşavir Simona Qatti, Niderland Xarici İşlər Nazirliyinin Qadın hüquqları və gender bərabərliyi üzrə səfiri Paskal Qrotenius mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Litva Avropa Gender Bərabərliyi İnstitutunun əməkdaşı Jolanta Reinqard “Gender Bərabərliyi İndeksi, 2020-ci il: Daha 60 il də gözləyə bilərikmi?” mövzusunda videotəqdimatla çıxış edib.