REGİONLAR
Qadınlarımız Vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini verirlər
Astara, 7 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 7-də Astara şəhərində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəsti Əliyeva cəmiyyətdə qadınların rolundan danışıb. Bildirib ki, zəriflik və gözəllik rəmzi olan qadın və ana adı ölkəmizdə tarixboyu uca tutulub, Azərbaycan qadını bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında müstəsna xidmətlər göstərib.
Qeyd olunub ki, dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımlar atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür.
Ulu öndər Heydər Əliyev gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində qadınların əməyini hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərib.
Diqqətə çatdırılıb ki, müasir dövrdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti bir daha bu fikri dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.
Toplantıda çıxış edənlər müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların xidmətlərini yüksək dəyərləndiriblər.
Bildirilib ki, astaralı qadınlar bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər. Ölkəmizdə aparılan böyük quruculuq işlərində qadınlarımız yaxından iştirak edir, respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında fəallıq nümayiş etdirməklə Vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini verirlər.
Tədbir Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” ansamblının ifasında konsert proqramı ilə davam edib.