CƏMİYYƏT
“Qadınların əmək hüququ” mövzusunda təlim keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və YUNESKO-nun birgə keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının gücləndirilməsi” adlı layihə çərçivəsində “Qadınların əmək hüququ” mövzusunda təlim təşkil olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə təlim iştirakçılarına “Uşağın əmək qanunvericiliyi ilə müəyyən edilmiş əmək hüququ və onun təmin olunmasının şərtləri” mövzusunda, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanun, Əmək Məcəlləsi və onun təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Qanun, Mülki Məcəllə, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun, “Uşaq əməyinin ən pis formaları” haqqında 1999-cu il Konvensiyası barədə məlumat verilib.
Təlimin keçirilməsində məqsəd qadınların əmək hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrədilməsi və əhali arasında milli qanunvericilik üzrə maarifləndirmə işinin aparılması olub. Təlim iştirakçıları müzakirələrdə fəal iştirak edərək, bu sahə üzrə maarifləndirmə işinin mütəmadi olaraq aparılması fikrini irəli sürüblər.
Təlimdə “Mənim əmək hüquqlarım” mövzusunda buklet iştirakçılara paylanılıb.