Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qafqaz Beynəlxalq Geotarix və Geosiyasət Araşdırmaları Mərkəzinin prezidenti Quram Marxuliyadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İlk növbədə, Sizi doğum gününüz münasibətilə təbrik edirəm və Azərbaycanı uğurla inkişaf etdirən taleyüklü qərarlar qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin vətənpərvərlik və birlik ideallarına sadiqliyiniz, öz Vətəninə görə qürur hissiniz və işıqlı gələcəyə əminliyiniz Azərbaycan dövlətinin davamlı tərəqqisinin və firavanlığının rəhnidir.

Cənab Prezident, Azərbaycanın müstəqil dövlət quruculuğu, siyasi sabitliyin möhkəmlənməsi, yüksək iqtisadi artıma nail olması, qısa müddətdə dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına qoşulması işində sanballı uğurları Sizin xidmətlərinizdir.

Son üç onillik yeni Azərbaycanın böyük salnaməsinin yalnız müqəddiməsidir, Azərbaycan xalqının həmrəyliyi, sülhün və birliyin möhkəmlənməsi, ölkənin düzgün xarici siyasət kursunun müəyyən edilməsi Azərbaycanı beynəlxalq arenada yeni qələbələrə gətirib. Bütün bu nailiyyətlər asanlıqla yox, mürəkkəb geosiyasi reallıqlar şəraitində qazanılıb.

Azərbaycan təkcə öz gələcəyi uğrunda deyil, həm də öz keçmişi uğrunda mübarizə aparmalı, öz tarixini müdafiə etməli olub. İnformasiya müharibəsi hərbi əməliyyatların ayrılmaz hissəsi olmaqla bərabər, həm də beynəlxalq siyasətin vasitəsi kimi geniş istifadə edilib. Dünyanın bir sıra dillərində onlarca informasiya saytı yaradılıb, bu portallarda Azərbaycan jurnalistikası ön sıralarda gedib və ona həvalə edilmiş işi şərəflə yerinə yetirib.

Bununla yanaşı, Azərbaycanın tarix elmi milli siyasətin və təbliğatın yeni konsepsiyasının həyata keçirilməsində mühüm yer tutub.

Təbliğat silahı dövlətin potensial düşmənə qarşı tətbiq etdiyi üsullar və tədbirlər arsenalında mühüm amildir və milli maraqların təmin edilməsində getdikcə daha əhəmiyyətli rol oynayır. Biz də bu istiqamətdə az da olsa iştirak etmişik və Siz bunu qeyd etmisiniz.

Hörmətli İlham Heydər oğlu, cənab Prezident, göstərdiyiniz böyük diqqətə, bizə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının verilməsinə görə Sizə təşəkkürümü bildirəm. Azərbaycanın bu medalına layiq görülməyim mənim üçün böyük şərəfdir.

Gürcüstan qardaş Azərbaycan xalqının güclü və firavanlaşan dövlət yaradılmasında uğurlarına böyük hörmətlə yanaşır. Cənab Prezident, mən özüm əslən Abxaziyadanam və işğal edilmiş ərazilərin azad olunmasını onilliklər boyu gözləməyin nə demək olduğunu bilirəm. Sizin rəhbərliyinizlə regionda böyük geosiyasi qələbə əldə edilib və bu Qələbə günü Azərbaycan dövlətinin qüdrətinin, möhtəşəmliyinin və qələbəsinin rəmzinə, onun çoxillik tarixinə, zəngin mədəniyyətinə və ənənələrinə görə qürur mənbəyinə çevrilmişdir.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə qarşıdan gələn Yeni il münasibətilə ən səmimi təbriklərimi çatdırır, Sizin timsalınızda qardaş Azərbaycan xalqını təbrik edir, ona yeni qələbələr, firavanlıq və sülh diləyirəm.

Hörmətlə,

 

Quram Marxuliya

Qafqaz Beynəlxalq Geotarix və Geosiyasət Araşdırmaları Mərkəzinin prezidenti,

Suxumi Dövlət Universitetinin (Gürcüstan) professoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin