CƏMİYYƏT
“Qafqaz İslam Ordusunun zəfər yolu ilə” adlı anım yürüşünün iştirakçıları Bakıda
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Skautlar Assosiasiyası və Türkiyə İzcilik Federasiyasının təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Qafqaz İslam Ordusunun zəfər yolu ilə” adlı anım yürüşünün iştirakçıları Bakıya çatıblar.
AZƏRTAC xəbər verir ki, əllərində Türkiyə və Azərbaycan bayraqları tutan, 80 nəfərdən ibarət “Zəfər yolu əsgərləri” Bakının “Qurd qapısı” yaxınlığında yerləşən ərazidən yürüşə başlayıb, Fəxri xiyabana gələrək xalqımızın Ulu Öndəri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri İlyas İsmayıllı AZƏRTAC-a müsahibəsində yürüşün məqsədi barədə məlumat verib. O deyib: “Bizim yürüşümüz sentyabrın 9-da Gəncədə başlayıb. Biz Qafqaz İslam Ordusunun keçdiyi yol ilə - döyüşlərin olduğu məkanlarla, Şəhidlər xiyabanlarını ziyarət edərək Bakıya gəldik. Məhz sentyabrın 14-də Bakıya çatmağımız simvolikdir. Çünki Qafqaz İslam Ordusu Bakını sentyabrın 14-də gecə saatlarında azad edib. Buna görə biz gecə də “Qurd qapısı” adlanan ərazidə qaldıq. Bu gün “Qurd qapısı”nda başlayan yürüşümüz çərçivəsində Fəxri xiyabanı, Şəhidlər xiyabanını ziyarət etmişik. Yürüşdə Türkiyədən və Azərbaycandan 40 skaut olmaqla 80 nəfər iştirak edir. Biz Qobustanda yerləşən türk məzarlığı yaxınlığında gecələdik. Bunlar gənc skautlar üçün həyat təcrübəsidir. Biz əvvəllər olmadığımız yerlərdə olduq. Hacıqabulda, Qubalı Baloğlan kəndində türk və Azərbaycan şəhidlərinin məzarlıqlarını ziyarət etdik. Bizə hər olduğumuz yerdə tarixçilər maraqlı məlumat verdilər. Bəzi yerlərdə biz döyüşlərin getdiyi səngərlərdə güllə qəlpələri də tapdıq. Biz bir vətəndaş olaraq öz borcumuzu yerinə yetirdik. Bu, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin daha bir təzahürüdür.
Türkiyə İzcilik Federasiyasının rəhbəri Hasan Dinçer Subaşı bildirib ki, hər il mart və sentyabr aylarında Azərbaycana gəlir və türk əsgərlərinin xatirəsini yad edirlər. Bu il Bakının Qafqaz İslam Ordusu tərəfindən xilas edilməsinin 100-cü ildönümüdür, bu səbəbdən Azərbaycana skaut qardaşlarımıza dəstək olmaq üçün gəldik. Gəncədən başlayan yürüşümüz Bakıda yekunlaşır. Bura gəlmək, şəhidlərin məzarlarını ziyarət etmək hər kəsə nəsib olmur. Bunun üçün biz çox şanslıyıq. Azərbaycanda olmaqdan çox məmnunluq duyuruq.
Daha sonra yürüş iştirakçıları Şəhidlər xiyabanına gedərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər çiçəklər qoyublar.