QAN YADDAŞI
“Qafqaz Media” İctimai Birliyində şəhidlərin xatirəsi yad olunub
Bakı, 17 yanvar, Aynur İsmayılova, AZƏRTAC
Yanvarın 17-də “Qafqaz Media” İctimai Birliyinin (İB) ofisində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq təşkil edilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İB-nin sədri Azadə Hüseynova, Bakı Dövlət Universitetinin professoru Knyaz Aslan, Xalq Artisti Məleykə Əsədova, AZƏRTAC-ın müxbiri Zərəngiz Mansurova, rejissor Elgün Seyidzadə və başqaları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüzdən, 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Azərbaycan tarixində tutduğu yerdən, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsindən, onların ailə üzvlərinə göstərilən dövlət qayğısından danışıblar.
Bildirilib ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının öz yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyi tarixi bir gündür.
Çıxışçılar ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək törədilmiş qanlı faciə ilə bağlı xalqımıza başsağlığı verməsindən, qətliamı törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsindən, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı törədilmiş tarixi cinayətə kəskin münasibət bildirməsindən danışıblar.
Tədbirdə “AYTAM” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin üzvlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub 20 Yanvar faciəsinə həsr olunmuş şeir və poemalarından parçalar səsləndirilib.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək şəhidlərimizin ruhuna ehtiramlarını bildirib, məzarları üzərinə tər qərənfillər düzüblər.