CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının növbəti birgə toplantısı keçirilib

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 27-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası üzvlərinin və idarənin yerlərdəki səlahiyyətli nümayəndələrinin birgə toplantısı keçirilib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, toplantıda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəsmiləri də iştirak ediblər.

Tədbiri açan QMİ sədrinin birinci müavini müfti Salman Musayev cari məsələlərlə bağlı fikirlərini bölüşüb. Başa çatmaqda olan il ərzində görülən işlər barədə məlumat verilib, aparılan dini maarifçilik fəaliyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə bərabər ölkədə və xaricdə keçirilən müştərək tədbirlərin nəticələri müzakirə olunub. Vurğulanıb ki, il ərzində çap olunan moizələr kitabı, hər iki məzhəbə aid vahid təqvimin hazırlanması və ona riayət edilməsi istiqamətində birgə tədbirlər, QMİ tərəfindən bölgələrdəki qazılara kompüterlərin paylanması, moizələrin mütəmadi şəkildə elektron poçt vasitəsilə onlara çatdırılması və digər bu kimi işlər təqdirəlayiqdir və bu istiqamətdə fəaliyyət davam etdirilməlidir.

Toplantıda cəmiyyəti narahat edən bir sıra məsələlərə münasibət də bildirilib. Bu xüsusda, erkən nikahlarla bağlı məsələ gündəmə çıxarılıb. Din xadimləri azyaşlı qızların ailə qurması kimi hallarla bağlı xüsusi vurğulayıblar ki, bu məsələyə dair Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının 2002-ci il 23 noyabr tarixli fətvası var. Fətvada deyilir ki, dini nikah mərasimi rəsmi dövlət qeydiyyatı idarələrində rəsmən qeydiyyat aparıldıqdan sonra icra edilə bilər.

Fətvada, həmçinin ölkəmizin iqlim şəraiti nəzərə alınaraq Azərbaycanda evlənmək üçün yaş həddi həm oğlanlar, həm də qızlar üçün 18 (müstəsna hallarda 17) yaş göstərilir ki, bu da dövlətimizin qanunlarına müvafiqdir. Bununla bağlı idarənin aparat rəhbəri Simran Həsənov ətraflı şərh verib. Bildirilib ki, erkən nikahlar mənfi hallara gətirib çıxarır. Ailə quran insanların hüquqlarının təminatını dövlət öz üzərinə götürdüyünə görə din xadimləri yalnız mənəvi cəhətdən xeyir-dua verirlər.

Toplantıda Qazılar Şurası üzvlərinə tapşırıq verilib ki, bu məsələlərdə daha ayıq olsunlar və erkən nikahların qarşısının alınması kimi vacib məsələ ilə bağlı QMİ-nin mövqeyini məscidlərdə və məclislərdə dindarlara daha fəal şəkildə çatdırsınlar.

Tədbirdə Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının ünvanına mətbuat vasitəsilə etdiyi müraciətə münasibət bildirilib. Vurğulanıb ki, İslam dinində elm öyrənilməsi hər zaman təqdir olunur. İslam dininə görə, bilənlərlə bilməyənlər arasında fərq qoyulur və bu səbəbdən hər bir müsəlman kişi və qadının təhsil alması, elm öyrənməsi vacib buyurulur. Bu gün kimsə din adından istifadə edərək övladlarının təhsil almasını əngəlləyirsə, məktəbdən uzaqlaşdırırsa, bu, dinimizdə günah sayılır.

Bildirilib ki, qızların təhsili kimi əhəmiyyətli məsələnin həlli cəmiyyətin müxtəlif təbəqələrinin - ailə, məktəb institutlarının, dövlət qurumlarının, habelə din xadimlərinin birgə səyləri ilə mümkündür. Müfti Salman Musayev Quran ayələrindən və hədislərdən misal göstərərək dinimizdə elm, bilik əldə etməyə, təhsil almağa verilən önəmə diqqət çəkib. O, bu məsələdə aidiyyəti olan bütün tərəfləri fəal olmağa çağırıb və din xadimlərinin, hər zaman olduğu kimi, bundan sonra da moizə və çıxışlarında bu məsələni geniş təbliğ etməsini, məsələni hər zaman diqqətdə saxlamağı vacib saydığını bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov QMİ və komitə rəsmilərinin iştirakı ilə belə səmərəli görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. İki qurum arasında əməkdaşlığın müsbət nəticələr verdiyini vurğulayan komitə rəsmisi din xadimlərinin tarixən ziyalıların tərkib hissəsi olduğuna diqqət çəkib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxış edərək dövlətimizin başçısı tərəfindən din xadimlərinə göstərilən maddi yardım-ianələrin qarşıdan gələn il də davam etdiriləcəyini bildirib.

Toplantıda qazılar və QMİ-nin səlahiyyətli nümayəndələrini, habelə DQİDK-nın bölgələrdəki nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.