CƏMİYYƏT
Qafqaz Müsəlmanları İdarəsində Fatimeyi-Zəhranın Şəhadət gününə həsr olunmuş tədbir keçirilib VİDEO
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd Peyğəmbər Əleyhissəlamın qızı Fatimeyi-Zəhranın Şəhadət gününə həsr olunmuş dini maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək xanım Fatimeyi-Zəhranın Şəhadət gününə həsr edilən tədbirlərin ənənəvi xarakter aldığını bildirib.
Şeyxülislam bildirib ki, Fatimeyi-Zəhranın bu günlərdə qeyd olunan Mövludu günü İslam dünyasında ən əlamətdar günlərdən biri sayılır. Fatimeyi-Zəhra qısa və mənalı ömrü ilə bütün zəmanələrin möminlərinə, gələcək nəsillərə ibrətamiz irs qoyub. Fatimeyi-Zəhra müsəlmanlar üçün möminlik və səbir, habelə ən gözəl mənəvi keyfiyyətlərin mücəssəməsidir.
QMİ sədri vurğulayıb ki, bu gün ölkəmizdə dövlət-din münasibətləri, məscid və ziyarətgahların təmir-bərpası, din xadimlərinə yaradılan şərait göz önündədir. Dindarlar da Azərbaycan vətəndaşları olaraq müstəqil dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirləri dəstəkləyir, Vətənimizin daha da qüdrətlənməsi, sabitliyin möhkəmləndirilməsi üçün çalışırlar. Azərbaycan dini münaqişələrin heç vaxt müşahidə olunmadığı çoxkonfessiyalı ölkədir, dünyanın bir çox ölkələri üçün tolerantlıq və dini dözümlülük örnəyidir.
Tədbirdə çıxış edən İranın Ali Dini Liderinin Azərbaycandakı nümayəndəsi seyid Əli Əkbər Ocaqnejad qeyd edib ki, Peyğəmbərimizin xanım Fatimeyi-Zəhranın şəxsiyyəti barədə kəlamları kitablarda kifayət qədər nəql olub. Xanım Fatimə Peyğəmbərdən sonra yaşayan yeganə övladıdır. Məhəmməd Peyğəmbərin yeddi övladının olmasına baxmayaraq, Həzrəti Fatimə istisna olmaqla, onların hamısı Peyğəmbərdən əvvəl vəfat edib. Beləliklə, Peyğəmbərin nəsli Həzrət Fatimənin övladları ilə davam edib. “Qurani-Kərim”in bir çox ayələrində, xüsusilə “Əhzab” surəsinin 33-cü ayəsində Peyğəmbər ailəsinin və nəslinin kimlərdən ibarət olduğu qeyd edilir. Bu məsələyə Peyğəmbərdən nəql edilən hədislərdə daha çox yer verilib.
Tədbirdə, həmçinin İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, din xadimləri, ilahiyyatçı alimlər, Bakı İslam Universitetinin müəllim və tələbələri iştirak ediblər.