QAN YADDAŞI


Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Tbilisi, 27 fevral, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin Tbilisidəki ofisində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri hacı Əli Əliyev ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi terror, soyqırımı və digər cinayətlər barədə məlumat verib, Xocalı soyqırımının baş verməsinin də məhz erməni terrorunun tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində parlaq qələbəsi erməni cəlladlarına layiqli cavab oldu. Bu Qələbə ilə Vətən uğrunda canlarından keçən şəhidlərimizin də ruhu rahatlıq tapdı.

Onun sözlərinə görə, dünyada tolerantlıq nümunəsi olan Azərbaycan bu Qələbə ilə həm də regionda yeni dövrün – sülh dövrünün əsasını qoydu.

Azərbaycan-Gürcüstan münasibətlərinə toxunan din xadimi deyib ki, Azərbaycan qonşu ölkələrlə dostluq münasibətlərinin inkişafında maraqlıdır. Bu gün Gürcüstanın da iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələr buna əyani sübutdur.

Nümayəndəliyin rəhbəri Xocalı soyqırımının başvermə səbəbləri və acı nəticələri barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasında din xadimlərinin rolunu qeyd edib. Bildirib ki, bu işdə din xadimlərinin də üzərinə böyük məsuliyyət düşür.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Anar Rəsulov səfirlik tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar görülən işlər barədə məlumat verib. Din xadimləri tərəfindən bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.

Diplomat 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətini qeyd edib. Bildirib ki, Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayıb. Lakin bu mübarizə hələ davam edir və digər ərazilərimiz də azad edilənə qədər davam edəcək.

Sonra çıxış edən xadimləri Xocalı faciəsi barədə fikirlərini bildiriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.