CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsinin sədri Vladiqafqaza səfər edəcək

Bakı, 25 yanvar, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfərə yola düşür.

QMİ-dən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti Azərbaycan Prezidentinin yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunan Muxtarov məscidinin açılışında iştirak edəcək. 1908-ci ildə əslən azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilən, Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən məscid binası Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin dövlətimizin başçısına müraciətinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub.

Açılışla eyni gündə Vladiqafqazda Azərbaycanın Rusiya, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisəyə həsr olunmuş konfrans keçiriləcək. Konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, tanınmış elm və din xadimləri iştirak edəcəklər. Şeyxülislam A.Paşazadə və Azərbaycan nümayəndə heyətinin üzvləri həmin konfransda çıxış edəcəklər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şimali Osetiya rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.