REGİONLAR
Qafqaz Universiteti ilə “BP Azərbaycan” şirkəti arasında gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib
Xırdalan, 1 dekabr, AZƏRTAC
Qafqaz Universiteti ilə “BP Azərbaycan” şirkəti arasında imzalanmış memoranduma əsasən mühəndislik ixtisaslarının genişləndirilməsi layihəsi uğurla həyata keçirilir.
Universitetdən AZƏRTAC–a bildirilib ki, layihə çərçivəsində “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə ali təhsil ocağının mühəndislik fakültəsi nəzdində 4-ü kimya, 12-si mexanika mühəndisliyi ixtisası üzrə olmaqla, yüksək texnologiyalı avadanlıqlarla təchiz edilmiş laboratoriyalar tələbələrin istifadəsinə verilib.
Tərəflər arasında gələcək əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi məqsədilə şirkətin nümayəndələri Qafqaz Universitetində olublar.
Universitetin rektoru, professor Havar Məmmədov nümayəndə heyəti ilə görüşdə bildirib ki, ali təhsil ocağı bir sıra şirkətlərlə əməkdaşlıq edir. “BP Azərbaycan” şirkəti ilə əməkdaşlıq isə nümunəvi səviyyədədir. Bu gün ölkəmizdə müasir texnologiyalara əsaslanan sənaye parkları yaradılır. Bu baxımdan müasir biliklərə yiyələnmiş mühəndislərə ehtiyac var. Qafqaz Universiteti də bir neçə istiqamətdə mühəndis hazırlayır. BP tərəfindən universitetdə açılan kimya və mexanika laboratoriyaları ixtisaslı mütəxəssislərin yetişməsində önəmli rol oynayır.
Rektor “BP Azərbaycan” şirkəti ilə əməkdaşlıq çərçivəsində belə layihələrin davamlı olacağına inandığını bildirib.
“BP Azərbaycan” şirkətinin keçirdiyi müsabiqələrdə Qafqaz Universiteti tələbələrinin uğurlu nəticələr göstərdiyini vurğulayan qonaqlar bildiriblər ki, şirkətin əməkdaşları 2018-ci ildə məzun olacaq mühəndislik fakültəsinin tələbələrini BP-nin “Yay təcrübəsi” proqramı barədə məlumatlandırıblar. Tələbələrə 10 həftəlik proqramda iştirak etmək üçün qeydiyyatdan keçmə və müsabiqə şərtləri haqda məlumat verilib. Proqramda iştirak edən tələbələr məzun olduqdan sonra BP-də işləmək imkanı əldə edəcəklər.
Keçən il “Yay təcrübəsi” proqramında iştirak edən Qafqaz Universitetinin tələbələri Taleh Nuri və Rəşad Vəlili proqram çərçivəsində qazandıqları təcrübədən danışıblar. Dənizdə olan platformalara səyahət edən və orada iş şəraiti ilə tanış olan tələbələr layihələr hazırlayıb, onu istehsalata tətbiq ediblər. Bundan əlavə, onlar sosial layihələrə də qatılıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.