ELM VƏ TƏHSİL
Qafqaz Universitetinin əməkdaşı SSRN reytinqinə görə 16-cı yerdə qərarlaşmışdır
Bakı, 18 fevral (AZƏRTAC). Qafqaz Universitetinin “Maliyyə” kafedrasının əməkdaşı Elçin Süleymanov SSRN (the Social Science Research Network) reytinqinə görə iki yüz mindən artıq elm adamı arasında 16-cı yerdə qərarlaşmışdır.
Qafqaz Universitetindən AZƏRTAC- a bildirmişlər ki, E.Süleymanovun SSRN bazasına daxil edilən otuzdan çox məqaləsinin yüklənmə və sitatgətirmə göstəricilərinə görə hesablanan tədqiqatçı reytinqi sistemdəki Top 30 min tədqiqatçı arasında 16- cı yerdədir.
SSRN 1992-ci ildən etibarən fəaliyyət göstərən dünyanın ən nüfuzlu tədqiqat mərkəzlərindən biridir. Qırxa yaxın iqtisadiyyat üzrə Nobel mükafatçısının və dünyanın ən məşhur humanitar elmlər üzrə elm adamlarının yer aldığı bu siyahıda Elçin Süleymanov ilk yüzlükdə olan Amerika və Qərbi Avropa xaricində ilk tədqiqatçı olmuşdur. Bu elmi bazaya Azərbaycan ilə əlaqədar 180 məqalə daxil edilmişdir. Universitetin əməkdaşının bu göstəricisi, eyni zamanda, Qafqaz Universitetinin SSRN Top 1,600 (Entrepreneurship Research & Policy Network Organizations) reytinqini yüksəltmişdir. Belə ki, 2012-ci ildə 2.250 yerdə olan Qafqaz Universiteti hazırda 338-ci yerə yüksəlmişdir.
Qeyd edək ki, bu ali təhsil ocağı MDB məkanından dördyüzlükdə olan yeganə universitetdir.