ELM VƏ TƏHSİL
“Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri” kitabı nəşr olunub
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dəstəyi ilə fəlsəfə üzrə fəlsəfə doktoru Kamran Abdullayevin “Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrdə Qafqazda ərəb dilinin tarixi və xüsusiyyətləri, Qazavat dönəmi ilə əlaqədar məktubat nümunələri və tərcümələr yer alıb.
Kitab dörd bölmədən ibarətdir. Araşdırma əsərində Qafqazın siyasi, ictimai cəhətdən fəal dönəmi olan XIX-XX əsrlərdə göndərilmiş bəzi məktub nümunələri ilə həmin mühit barədə az da olsa, məlumat əldə etmək mümkündür. Əsərdə məktubat mövzusu da nəzərdən keçirilib. Tədqiqat əsərində, həmçinin ərəb dilinin Qafqazda müsəlman və qeyri-müsəlman millətlər arasındakı önəmi araşdırılıb.
Kitabın hazırlanmasında Azərbaycan, ərəb, rus və türk dillərində olan mənbələrdən istifadə olunub.