ELM VƏ TƏHSİL
“Qafqazda və Mərkəzi Asiyada ictimai-mədəni islahatçılığın tarixi (XIX–XX əsrin əvvəli)” kitabı Özbəkistanda rus dilində nəşr edilmişdir
Bakı, 29 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu əməkdaşlarının həmmüəllifi olduqları “Qafqazda və Mərkəzi Asiyada ictimai-mədəni islahatçılığın tarixi (XIX–XX əsrin əvvəli)” kitabı Özbəkistanın Səmərqənd şəhərində rus dilində nəşr edilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, kitab Azərbaycan, Özbəkistan, Qazaxıstan və Dağıstan alimlərinin birgə tədqiqatlarının nəticəsidir. UNESCO-nun Beynəlxalq Asiya Araşdırmalar İnstitutunun təşəbbüsü ilə nəşr olunan kitabın yazılmasında AMEA-nın Tarix və Şərqşünaslıq institutlarının əməkdaşları, eləcə də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, professor Şahin Mustafayev iştirak etmişlər.
Kitabın müəlliflər heyətinə, həmçinin Tarix İnstitutunun əməkdaşları - tarix elmləri doktoru, professor İradə Bağırova və tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadə daxildirlər.