SİYASƏT
Qafqazın parlaq atəşi - Azərbaycan Respublikası VİDEO
Tokio, 16 may (AZƏRTAC). Yaponiyanın turizm şirkətləri arasında populyarlığı ilə seçilən, əsasən elitar təbəqə üçün nəzərdə tutulan və 100 min tirajla nəşr olunan “Pavone” jurnalında Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə “Qafqazın parlaq atəşi-Azərbaycan Respublikası” adlı məqalə dərc edilmişdir.
Dörd səhifəlik məqalədə Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə və təbii ehtiyatlara malik ölkə kimi təqdim olunur. Yazıda Azərbaycanın olduqca əlverişli coğrafi mövqedə - Şərq ilə Qərb, Şimal ilə Cənub mədəniyyətlərinin qovuşuğunda, qədim İpək Yolunun üzərində yerləşdiyi vurğulanır.
Bildirilir ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan 1920-ci ildən 1991-ci ilədək Sovet İttifaqının tərkibində olmuş və XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa etmişdir.
Məqalədə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, Sovet İttifaqının dağılması ərəfəsində yaranmış xaosdan və özbaşınalıqdan istifadə edərək ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etdiyi, 1994-cü ildə atəşkəsə nail olunduğu qeyd edilir. Bildirilir ki, məhz həmin ildən Azərbaycan dünya dövlətləri, o cümlədən Yaponiya ilə qarşılıqlı münasibətləri inkişaf etdirməyə başlamışdır.
Ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı neft strategiyası nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı enerji ehtiyatlarının genişmiqyaslı istismarına da məhz 1994-cü ildə imzalanmış ”Əsrin müqaviləsi” ilə başlandığı vurğulanır. Qeyd edilir ki, bu strategiya ölkənin sürətli iqtisadi inkişafına təkan vermiş, xüsusilə Azəri-Çıraq-Günəşli yataqlar blokunda hasilat, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz” kimi nəhəng layihələr reallığa çevrilmişdir.
Məqalədə Bakı şəhərinin xüsusilə sürətli inkişafın nümunəsinə çevrildiyi, burada öz möhtəşəmliyi ilə baxanları heyran qoyan “Alov qüllələri”nin qısa müddətdə inşa edildiyi, həmçinin hündürlüyü 1050 metr olacaq “Azərbaycan Qülləsi”nin layihələndirildiyi qeyd edilir. Bildirilir ki, qədim tarixi, zəngin mədəniyyəti, sürətli və modern inkişafı ilə Azərbaycan turistlər üçün böyük maraq doğuran ölkəyə çevrilmişdir.
Yazıda Azərbaycan-Yaponiya münasibətləri tarixində ilk dəfə İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri arasında dostluq mübadiləsi haqqında sazişin imzalanmasından və ölkəmizin dilbər guşələrindən biri olan İsmayıllı rayonundan da bəhs edilir. Rayonun kiçik Qafqaz dağlarının ətəklərində yerləşdiyi, təmiz havası və iqlim müxtəlifliyi ilə seçildiyi vurğulanır. Kənd təsərrüfatı üçün münbit torpaqların üstünlük təşkil etdiyi İsmayıllıda üzümçülük təsərrüfatlarına xüsusi yer verildiyi, burada keyfiyyətli şərab istehsalı müəssisələrinin yaradıldığı qeyd edilir.
Yazıda rayonun mərkəzindəki Heydər Əliyev parkında Yaponiyanın “Kosuqi Zohen Co. LTD” şirkəti tərəfindən 2010-cu ildə “Yapon bağı”nın salındığı diqqətə çatdırılır. Bildirilir ki, belə dostluq əlaqələri İsmayıllı ilə İto şəhərini bir-birinə daha da yaxınlaşdırmışdır. Bu bağın açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi vurğulanır.
Yüksək poliqrafik keyfiyyəti ilə seçilən jurnalda dərc edilmiş məqalədə Azərbaycanın paytaxtı Bakının və İsmayıllı rayonunun müasir görüntülərini və qədim tarixini əks etdirən fotolar da yer almışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio