MƏDƏNİYYƏT
“Qafqazlı qardaşqızı” Musiqili Teatrda
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında yeni bir tamaşanın məşqlərinə başlanılıb. Söhbət SSRİ Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasından gedir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rus bölməsində hazırlanacaq tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əli Usubovdur. Rauf Hacıyevin möhtəşəm musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskva, Sankt-Peterburq, Riqa, Nalçik, Volqoqrad şəhərlərinin musiqili teatrlarında tamaşaya qoyulub.
Quruluşçu-rejissor Əli Usubov deyib: “Bu operetta mənim üçün çox dəyərlidir – 1969-cu ildə Leninqrad Konservatoriyasını bitirdikdən sonra Moskva Teatrında tamaşaya qoyduğum ilk operetta, rejissorluq sahəsində atdığım ilk addımdır. Rauf Hacıyevin bu möhtəşəm operettası milli musiqi mədəniyyətimizin də klassikasıdır. Əsərin komediya süjeti, sevgi toqquşmaları, əminəm ki, tamaşaçıları özünə cəlb edəcək. Mən Mədəniyyət və Turizm Nazirliyinə tamaşanın hazırlanmasına dəstək olduğu üçün təşəkkür edirəm. Hesab edirəm ki, yarım əsrlik fasilədən sonra Rauf Hacıyevin ən yaxşı musiqili komediyalarından olan “Qafqazlı qardaşqızı”nın yenidən Bakı səhnəsinə qayıtması unudulmaz bəstəkarımızın yaradıcılığını sevənlər üçün böyük hədiyyə olacaq”.
Tamaşanın quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada əsas rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko və başqaları ifa edirlər.