ELM VƏ TƏHSİL
Qafqazşünaslıq İnstitutu: Cari ildə xarici ölkələrdə 50-dən çox elmi məqalənin nəşri nəzərdə tutulur
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutu fəaliyyətini təsdiq olunmuş plan üzrə onlayn şəkildə davam etdirir. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi, Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına uyğun olaraq əməkhaqları saxlanılmaqla məzuniyyətdədirlər. Ölkədə xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edən elmi müəssisənin alim və mütəxəssisləri hazırda onlayn rejimdə fəaliyyətlərini davam etdirir, elmi tədqiqatlar aparırlar.
M.Qasımlı institutda hər ilin əvvəlində olduğu kimi, cari ildə də Elmi Şuranın iclasının keçirildiyini, bütün şöbə əməkdaşlarının qarşısında duran vəzifələrin konkret olaraq müəyyənləşdirildiyini qeyd edib.
Cari ildə Qafqazşünaslıq İnstitutunda 5 kitab və monoqrafiyanın, xarici ölkələrdə isə 50-dən çox elmi məqalənin nəşr edilməsi nəzərdə tutulur. “Plan çərçivəsində kitabların yazılması artıq başa çatmaq üzrədir. İndiyədək xarici ölkə jurnallarında əməkdaşların 35 elmi məqaləsi dərc edilib, bir neçəsi isə müxtəlif nəşrlərə qəbul olunub. Bu, ötən illə müqayisədə daha yaxşı nəticədir”, - deyə alim vurğulayıb.
M.Qasımlı dünyada və ölkədə hökm sürən mövcud vəziyyətlə bağlı xarici ölkələrdə keçiriləcək beynəlxalq elmi konfranslarda institutun əməkdaşları tərəfindən ediləcək məruzə və çıxışların az olacağını, həmçinin elmi seminarlar, dəyirmi masalar, eləcə də televiziya və radio kanallarında çıxışların təxirə salındığını bildirib.
AMEA-nın müxbir üzvü institut əməkdaşlarının bir-biri ilə sosial media vasitəsilə müntəzəm əlaqə saxladıqlarını deyib: “Hazırda bütün əməkdaşlarımız öz işlərini mövcud şəraitə uyğun şəkildə davam etdirirlər. Ümid edirəm ki, bu çətin vəziyyətdən az itki ilə çıxmağa nail olacağıq”.