ELM VƏ TƏHSİL
Qafqazşünaslıq İnstitutu əməkdaşlarının dissertasiya işləri onlayn müzakirə edilib
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun təşəbbüsü ilə akademiyanın dissertantı Günel Musayeva və doktorantı Günay Feyziyevanın yerinə yetirdikləri dissertasiya işlərinin ikinci müzakirəsi onlayn şəkildə təşkil edilibdir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müzakirə DİA-nın Tarix, Beynəlxalq münasibətlər və xarici siyasət kafedralarının professor-müəllim heyətinin iştirakı, Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədovanın sədrliyi ilə keçirilibdir. Müzakirələrdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov da iştirak edibdir.
İclasın sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova müzakirə iştirakçılarının diqqətinə çatdırıb ki, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri, dissertant Günel Musayeva "Böyük Britaniyanın Azərbaycan siyasətində neft amili (1991-2013-cü illər)", Şimali Qafqaz şöbəsinin elmi işçisi, doktorant Günay Feyziyeva isə "Avropanın enerji təhlükəsizliyi siyasətində Azərbaycan Respublikasının yeri və rolu" mövzusunda tədqiqat işi aparıblar. İddiaçılar çıxış edərək dissertasiya işləri barədə məlumat veriblər.
Dissertant Günel Musayevanın müəllifi olduğu dissertasiya işi barədə tarix elmləri doktoru Şəfi Yaqizarov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Nafilə Rəhimova, tarix üzrə fəlsəfə doktoru, dosent Çingiz Məmmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Afət Güləliyevanın, doktorant Günay Feyziyevanın müəllifi olduğu dissertasiya işi barədə isə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Samir Həmidov, siyasi elmlər üzrə fəlsəfə doktorları Nəsrin Süleymanova və Rəşad Məhərrəmovun rəyləri müzakirə iştirakçılarının diqqətinə çatdırılıb. İddiaçılar rəylərdə qeyd olunan və müzakirə iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırıblar.
Hər iki dissertasiya işi müdafiəyə buraxılması üçün tövsiyə olunubdur. Dissertantların elmi rəhbəri, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlıdır.