ELM VƏ TƏHSİL
Qafqazşünaslıq İnstitutunun əməkdaşları onlayn beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
Bakı, 8 iyul, AZƏRTAC
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə və Şimali Qafqaz şöbəsinin əməkdaşı Şahnaz Tağıyeva Rusiya Federasiyasının Qaraçay-Çərkəz Dövlət Universitetinin təşkil etdiyi “Rusiya sahibkarlığı: inkişaf tarixi, təcrübə və siyasi-iqtisadi diskursda yeri” mövzusunda onlayn elmi konfransda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə konfransın plenar iclasında “Azərbaycan-Polşa iqtisadi və humanitar əlaqələrində Naxçıvanın yeri” mövzusunda məruzə edib. Məruzədə qeyd edilib ki, 1918-ci ildə tarixi Qərbi Azərbaycan ərazilərində erməni dövlətinin yaradılması, İrəvan şəhərinin Ermənistana paytaxt kimi güzəştə gedilməsi, XX əsrin 20-ci illərində isə Zəngəzur bölgəsinin Ermənistan SSR-ə verilməsi nəticəsində Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşüb. Beləliklə, Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu zərurətə çevrilib. XX əsrin 90-cı illərində Ermənistanın yaratdığı blokada şəraitində Naxçıvan Muxtar Respublikasının müxtəlif ölkələrlə iqtisadi və humanitar əlaqələr qurmaq zərurəti yaranıb. Azərbaycan Respublikasının xarici əlaqələrinin tərkib hissəsi olaraq, XXI əsrin əvvəllərindən etibarən Polşanın müxtəlif regionları ilə muxtar respublika arasında iqtisadi və humanitar sahələrdə müəyyən əlaqələr qurulub.
Şimali Qafqaz şöbəsinin əməkdaşı Şahnaz Tağıyeva isə konfransa “Dağıstanın sosial və iqtisadi inkişafı Azərbaycanla münasibətlərin vacib amili kimi” mövzusunda məruzə ilə qatılıb. Məruzədə Dağıstanın sosial-iqtisadi inkişafında Azərbaycanın rolu və əhəmiyyəti məsələsinə toxunulub.
Qeyd edək ki, konfransda 60-a yaxın alim və tədqiqatçının məruzələri dinlənilib.