DÜNYA
Qahirə dəmir yolu vağzalında yanğın nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb VİDEO
Bakı, 27 fevral, AZƏRTAC
Misir paytaxtının mərkəzi dəmir yolu vağzalında teplovozun platformaya çırpılması nəticəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb, 50-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC “Əl-Vətən” nəşrinə istinadla xəbər verir ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Misirin Səhiyyə Nazirliyi 20 nəfərin həlak olduğunu təsdiqləyib.
Ölkənin Nəqliyyat Nazirliyinin məlumatına əsasən, depodan çıxan teplovoz yüksək sürətlə örtülü platformaya çırpılıb. İlkin məlumata görə, onun əyləc sistemi işləməyib. Toqquşma nəticəsində lokomotivin yanacaq çəni partlayıb və ardından güclü yanğın başlayıb. Alov Ramzes vağzal kompleksinin tikililərindən birinə və qonşu platformada dayanmış sərnişin qatarına yayılıb, daha sonra vağzalın daxilinə keçib.
Misirin Baş naziri Mustafa Madbuli və bir sıra qurumların rəhbərləri, o cümlədən nəqliyyat naziri hadisə yerinə gəlib. İnsidentlə bağlı təhqiqat başlayıb. Dəmir yolu qovşağı rayonunda təhlükəsizlik tədbirləri gücləndirilib, vağzala gedən yollar bağlanıb.
Qeyd edək ki, Misir dəmir yollarında ən miqyaslı faciə 2002-ci ilin fevral ayında baş verib. O vaxt Qahirədən Luksor şəhərinə gedən qatardakı yanğın 325 nəfərin həyatına son qoymuşdu. Yanğına vaqon-restoranda qaz balonunun partlaması səbəb olmuşdu.