ELM VƏ TƏHSİL


Qahirədə təhsil alan əcnəbi tələbələr Azərbaycanın Qələbəsinə sevinirlər

Qahirə, 13 noyabr, AZƏRTAC

Dünyanın müxtəlif ölkələrindən Qahirədə təhsil alan və Azərbaycanın Misirdəki Diaspor Mərkəzində təşkil olunmuş kursları bitirən tələbələr ölkəmizə sevgilərini ifadə edib, Azərbaycanın Qələbəsinə sevindiklərini bildiriblər. Gənclərin AZƏRTAC-ın xüsusi müxbirinə kiçik müsahibələrini təqdim edirik:

Namet Əhməd (ABŞ): Mən Birləşmiş Ştatlardan gəlmişəm. Düzünü desəm, əvvəllər Azərbaycan haqqında məlumatım olmayıb. Lakin Diaspor Mərkəzində təşkil olunan kurslarda təhsil aldığım müddətdə ölkəniz barədə çox şey öyrəndim. Gözəl təbiəti, qonaqpərvər insanları olan Azərbaycanın mehriban ab-havasını Misirdə də hiss etdim. Məlumat aldım ki, ordunuz 30 ildir işğal altında olan torpaqlarınızı azad edib. Mən buna çox sevinirəm və sevgi hissləri bəslədiyim Azərbaycan xalqına, o cümlədən gənclərə işıqlı gələcək arzulayıram.

Əhməd Əyid (Misir): Mənim də Azərbaycana böyük sevgim var. Qahirədəki azərbaycanlılar istiqanlı, mehriban və yüksək intellektə malik insanlardır. Diaspor Mərkəzində kurslarda iştirak etdiyim müddətdə ölkəniz haqqında çox məlumat əldə etdim. Bu kurslarda Azərbaycan dilinin öyrənilməsinə də böyük maraq var. Ordunuzun müharibədə qələbəsi məni çox sevindirdi. Bilirdim ki, Azərbaycanın mövqeyi ədalətlidir və əsgərləriniz öz torpaqlarını işğaldan azad etmək uğrunda döyüşür. Azərbaycanlı qardaşlarımı ürəkdən təbrik edirəm və həmyaşıdlarıma xoşbəxt gələcək arzularımı çatdırıram.

Cəlal Əl Dien (İndoneziya): Mən də dostlarımın təbriklərinə qoşulur və Azərbaycan xalqını şanlı Qələbə münasibətilə təbrik edirəm. Azərbaycan Diaspor Mərkəzində təşkil olunan kurslarda iştirak edən hər bir tələbə ölkənizə qarşı böyük sevgi hissi duyur, bir müsəlman gənci kimi sizinlə həmrəydir. Burada Azərbaycanın tarixi, mədəniyyəti, müasir dövrdə inkişafı barədə çox məlumatlar əldə etdik. Düşünürəm ki, Azərbaycanın müharibədə qazandığı qələbə sizin ölkənin yerləşdiyi regiona sülh və əmin-amanlıq gətirəcək. Gənclərin qarşısında yeni üfüqlər açılacaq. Arzu edirəm ki, həmyaşıdlarım bir daha müharibə görməsin, yeni uğurları isə təhsil və peşə fəaliyyətində qazansınlar.

Cəmil Əl Həsən (Nigeriya): Misirdəki Diaspor Mərkəzində Azərbaycan haqqında çox şeylər öyrənmişəm. Videotəqdimatlarda və saytlarda ölkənizin əsrarəngiz təbiəti, mehriban insanları barədə əldə etdiyim məlumatlar məndə böyük təəssürat yaradıb. Torpaqları işğaldan azad edən Azərbaycan Ordusunun rəşadəti isə məni heyran etdi. Döyüş meydanında qəhrəmanlıq göstərən həmyaşıdlarıma sülh və əmin-amanlıq, təhsillərində və şəxsi həyatlarında uğurlar diləyirəm. Allah bütün gənclərə xoşbəxt günlər nəsib etsin. Azərbaycanı çox sevirik və onun bütün uğurlarına sevinirik.

Məhəmməd Əl Əmin (Böyük Britaniya): Mən də Azərbaycanın Qələbəsinə sevinirəm. Xəbərlərdə oxudum ki, xalqınız 30 il işğal altında olmuş torpaqlarını azad edib və böyük zəfər qazanıb. Azərbaycanlı həmyaşıdlarımı ürəkdən təbrik edirəm. Arzu edirəm ki, onlar gələcək uğurları təhsildə və öz karyerasının təmin edilməsində qazansınlar. Dünyada ən böyük nemətlərdən biri də sülhdür. Lakin dinimiz də, müqəddəs Quran da öz doğma torpağı uğrunda döyüşlərdə canlarını fəda edənlərin şəhidlik zirvəsini fəth etdiklərini bildirir. Allah azərbaycanlı gənclərə sülh və əmin-amanlıq şəraitində, öz doğma torpaqlarında azad və xoşbəxt yaşamağı nəsib etsin.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.